Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-1557/2025 09.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan borc aldığı 21600 manat məbləğində borcun və ödənilmiş 155 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun tərəfindən cavabdehə 21600 manat məbləğində borc pul verilmişdir. Bu məqsədlə tərəflər arasında 27 aprel 2013-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdeh göstərilən məbləği 27 aprel 2025ci il tarixinədək tam şəkildə geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh borc aldığını etiraf etmiş, hətta notariat qaydasında müqavilənin təsdiq ediləcəyini və borcun hər ayın 1-dən 5-nə qədər müddətdə 1000 manat olmaqla hissə-hissə ödəniləcəyini bildirmişdir. Bu barədə cavabdehin səs yazısı da mövcuddur ki, həmin yazıda cavabdeh qaytarmaq niyyətində olduğunu açıq şəkildə təsdiqləyir. Ancaq cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuş və aldığı məbləği geri qaytarmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq iddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək ərizədə təyin edilmiş məhkəmə baxış iclasında səhhəti ilə əlaqadər olaraq iştirak edə bilməyəcəyini göstərmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə əsasən məhkəmə bildirişi ünvan sahibinə-cavabdehə çatdırılması üçün yerli icra hakimiyyəti orqanına verilmişdir. Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 fevral 2026-cı il tarixli, 5-80-15/2-30/2026 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmasına baxmayaraq hazırda həmin şəxs uzun zamandır kənd ərazisində yoxdur və hansı ünvanda yaşaması barədə nümayəndəlikdə dəqiq məlumat yoxdur. Həmçinin, cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə “sms xəbərdarlığı” barədə bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” qeyd olunmuşdur) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən mülki işə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan tərəflər arasında 27 aprel 2023-cü il tarixdə, Bakı şəhərində yazılı qaydada bağlanmış borc müqaviləsindən görünür ki, borc verən-iddiaçı borc alanacavabdehə 21600 manat məbləğində pulu borc vermiş, borc alan-cavabdeh borcu hissəhissə olmaqla 27 aprel 2025-ci il tarixinədək borc verənə-iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 24 noyabr 2025-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehdən borcun tam məbləğini (21600 manat) 03 iş günü ərzində könüllü qaydada ona qaytarılmasını tələb etmiş, əks halda borcun məcburi qaydada tutulması üçün məhkəməyə müraciət edəcəyini göstərmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Bakı şəhəri, 7-ci mikrorayon, ev 22, mənzil 1-də qeydiyyatdadır. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpout kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə tərəflər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə yazılı qaydada borc müqaviləsi bağlanmış, iddiaçı 27 aprel 2023-cü il tarixdə cavabdehdə 21600 manat məbləğində pulu borc vermiş, cavabdeh borcu hissəhissə olmaqla 27 aprel 2025-ci il tarixinədək qaytarmağı öhdəsinə götürsə də borcunu iddiaçıya qaytarmamaqla iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin, məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi danışıqlar (səs yazıları) da tədqiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə borc müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunverciliyin qeyd olunan tələbinə əsaslanaraq bu nəticəyə gəlir ki, cavabdehdən ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 155 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməldir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən borca görə 21600 manat və ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 155 manat, cəmi 21755 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 21600 (iyirmi bir min altı yüz) manat və ödənilmiş dövlət rüsumuna və bankın xidmət haqqına görə 155 (bir yüz əlli beş) manat, cəmi 21755 (iyirmi bir min yeddi yüz əlli beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-1557/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-1557/2025
09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver