Məhkəmə qərarları › İş №e-2(063)-157/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-157/2024

17.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-157/2024 17.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Rahib oğlunun, Cavabdeh1 iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçı Bankın xeyrinə 3139,11 ABŞ dolları əsas, 5578,64 ABŞ dolları faiz, 134,89 ABŞ dolları cərimə olmaqla, cəmi 8852,64 ABŞ dolları borcun və 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 Rahib oğlu iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, kredit borcu üzrə hesablanmış cərimə borcunun tutulmamasını və ekspert rəyi ilə razı olduğunu, ekspert rəyində göstərilən məbləğlərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli kredit sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 25 % olmaqla 3225 ABŞ dolları məbləğində kredit vermişdir. Digər Cavabdeh1 həmin kredit sazişinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin durmuşdur. Tərəflər arasında bağlanmış kredit sazişinə əsasən kredit alan kredit və hesablanmış faizləri ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, əsas borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınmış, krediti müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında cəmi 8852,64 ABŞ dolları borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən “Bank of Baku" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Rahib oğlu iddia tələbini tələbin həcminin azaldıldığı hissədə müdafiə etdiyini, belə ki, Cavabdeh1 müddətin tətbiqi barədə ərizəsinə heç bir etirazının olmadığını, digər Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3139,11 ABŞ dolları əsas, 2357,55 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5496,66 ABŞ dolları borcun və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı "xxxx" ASC ilə digər Cavabdeh2 arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli kredit sazişinə əsasən sonuncuya 36 ay müddətinə, illik 25 % olmaqla 3225 ABŞ dolları məbləğində kredit vermiş, həmçinin, o, zamin qismində kredit müqaviləsini imzalamaqla kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməsi üçün Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, Cavabdeh2 borcunu ödəmədiyi üçün bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, kredit müqaviləsi 2015-ci ildə 36 ay müddətinə bağlanılmış, iddia ərisəsi isə 2023-cü ildə məhkəməyə təqdim olunmuşdur. Lakin, iddia ərizəsində iddiaçı aralarında olan zaminlik müqaviləsinə xitam vermədən onuda cavabdeh şəxs qismində göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kredit verildiyi tarixdən bir il sonra zaminlik müqaviləsinə xitam verilməlidir. Bu səbəbdən də, ona münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminlik müqaviləsinə xitam verilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 20 noyabr 2015-ci il tarixli, RF/87475/54/18 nömrəli kredit sazişindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə 3225 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, Cavabdeh1 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 20 noyabr 2015-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 elə həmin tarixdə 3225 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 Banka 3139,11 ABŞ dolları əsas, 5578,64 ABŞ dolları faiz, 134,89 ABŞ dolları cərimə olmaqla, cəmi 8852,64 ABŞ dolları kredit borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 9/4388 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, eləcə də, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 20 noyabr 2015-ci il tarixli, RF/87475/54/18 nömrəli kredit sazişi üzrə borcalan Cavabdeh2 "xxxx" ASC-yə olan kredit borcu əsas məbləğ üzrə 3139,11 ABŞ dolları, faiz üzrə 2357,55 ABŞ dolları həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan qəbzlərdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 20 noyabr 2015-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Kredit müqaviləsinin 2.1.8-ci bəndinə görə müştəri ödəniş öhdəliklərinin vaxtında icra edilməməsinə görə hər təqvim ayının 11-dən başlayaraq növbəti 80(səksən) gün ərzində ödənilməmiş borcun, 1 (bir) faizi məbləğində, kreditin valyutasından asılı olaraq 0,50 manatdan/ ABŞ dollarından/Avrodan az olmamaq şərtilə Banka cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmçinin, tərəflər arasında bağlanmış 20 noyabr 2015-ci il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi olan İddiaçı ASC-nin müştərilərinə kreditləşdirmə və xidmət şərtlərinin 9.3-cü bəndinə əsasən kredit sazişləri, tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü, icra müddəti və digər şərtləri kredit sazişlərində göstərilir. Bu mənada, işin faktiki hallarından və kredit sazişinin müddəalarından görünür ki, zaminlik müqaviləsi 20 noyabr 2015-ci il tarixdə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti öhdəliklərin tam şəkildə ödənildiyi vaxta qədər müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə zaminlik müqaviləsində müddətin göstərilmədiyi qənaətinə gələrək hesab edir ki, mülki qanunvericilikdə (MM-nin 477.0.4-cü maddəsi) nəzərdə tutulan 1 illik tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Göründüyü kimi zaminlik müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliklərin müddəti keçmişdir. İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh1 qarşı hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 oğlu arasında 20 noyabr 2015-ci il tarixli kredit sazişi bağlanmış və bu müqavilə ilə iddiaçı illik 25% hesablanmaqla 36 ay müddətə cavabdehə 3225 ABŞ dolları məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit sazişinə əsasən kredit alan kredit və hesablanmış faizləri ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh Gülbdam Hüseynova üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və ona hesablanmış cərimə və faizləri ödəməkdən yayınmış, kredit sazişinin tələblərini pozmuşlar. Bununla da, cavabdeh Gülbdam Hüseynova banka 3139,11 ABŞ dolları əsas, 2357,55 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5496,66 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3139,11 ABŞ dolları əsas, 2357,55 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı ABŞ dolları, altmış altı sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 84%-i, yəni 113,45 (bir yüz on üç manat qırx beş qəpik) manatı tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 3139,11 ABŞ dolları əsas, 2357,55 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5496,66 (beş min dörd yüz doxsan altı ABŞ dolları, altmış altı sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 84%-i, yəni 113,45 (bir yüz on üç manat qırx beş qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 16%-i, yəni 16 (on altı) manatı iddiaçı "xxxx" ASC-dən, 84%-i, yəni 84 (səksən dörd) manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar