Məhkəmə qərarları › İş №e-2(063)-164/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-164/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-164/2025 16.01.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit razılaşması üzrə borcun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit razılaşması üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 3989,58 manat məbləğində əsas kredit borcu, 68,93 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 10,14 manat məbləğində penya olmaqla, cəmi 4068,65 manat və həmçinin iddia qaldırılması üçün ödənilmiş 60,69 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 05 iyul 2022-ci il tarixli, 28050***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdeh 120 ay müddətinə illik faiz dərəcəsi 29 faizdən artıq olmamaq şərti ilə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ilə bağlanmış 05 iyul 2022-ci il tarixli, 28050***-*******02L saylı əsas kredit limiti razılaşmasının şərtlərinə (1.1, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndlərinə) uyğun olaraq 05 iyul 2022-ci il tarixdə cavabdehə 36 ay müddətinə illik 16 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin 24 oktyabr 2024-cü il tarixə iddiaçıya 3989,58 manat məbləğində əsas kredit borcu, 68,93 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 10,14 manat məbləğində penya olmaqla, cəmi 4068,65 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İddia ərizəsi tərtib edilərkən əsas kredit limiti müqaviləsindən, sms mətndən, maliyyə arayışından, hesabdan çıxarışdan, şəxsiyyət vəsiqəsindən və s. sənədlərdən istifadə edilmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 03 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 05 dekabr 2024-cü il tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 dekabr 2024-cü ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 05 iyul 2022-ci il tarixli, 28050***-*******02L nömrəli əsas kredit limiti razılaşmasından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit limiti müqaviləsinə əsasən kreditverən-iddiaçı borcalan-cavabdehə 50000 manat məbləğində 120 ay müddətinə, 05 iyul 2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət (kreditverənin mobil tətbiq etməsi və ya www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 mobil nömrəsinə şəxsiyyət vəsiqəsinin FİN kodunu yazaraq göndərmək) etmək hüququna malikdir. İşdə olan kredit borcunun, faizlərin və peniyanın hesablanması haqqında arayışdan görünür ki, cavabdehin 24 oktyabr 2024-cü il tarixinə olan əsas kredit borcunun məbləği 3989,58 manat, faiz borcunun məbləği 68,93 manat, cərimə məbləği 10,14 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 4068,65 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30 sentyabr 2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən cavabdehə öhdəliklərini pozduğu üçün kredit müqaviləsinin bir tərəfli qaydada ləğv etdiklərini nəzərinə çatdırılmış və 3 gün müddətində göstərilən məbləğdə borcu banka ödənilməsi tələb edilmişdir, əks halda borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Lək kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə əsas kredit limiti razılaşması bağlanmış və razılaşmada (müqavilədə) tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, borclu-cavabdeh kreditor-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə əsas kredit borcuna görə 3989,58 manat, faiz borcuna görə 68,93 manat, cəriməyə görə 10,14 manat və ödənilmiş dövlət rüsumuna görə 60,69 manat, cəmi 4129,34 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 3989 (üç min doqquz yüz səksən doqquz) manat 58 (əlli səkkiz) qəpik, faiz borcuna görə 68 (altmış səkkiz) manat 93 (doxsan üç) qəpik, cəriməyə görə 10 (on) manat 14 (on dörd) qəpik və ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat 69 (altmış doqquz) qəpik, cəmi 4129 (dörd min yüz iyirmi doqquz) manat 34 (otuz dörd) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar