Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-171/2024 16.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit borcunun qaytarılması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 16 avqust 2019-cu il tarixli, GY-2598 nömrəli kredit müqaviləsi üzrə 2113,32 manat əsas, 85,18 manat faiz, 0,07 manat cərimə borcu və iş üzrə ödənilmiş 41,99 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, GY-2598 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 05 fevral 2015-ci il tarixli, GYF-1128 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2120 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 16 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin 1.2-ci bəndində göstərilən müqavilə üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsinə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən kredit alan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verən qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği kredit alan tərəfindən kredit verənə bu müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alan tərəfindən 2 dəfədən və ya 90 gündən artıq müddətə gecikdirildikdə müqavilə kredit verən tərəfindən 2.4.5ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 21 noyabr 2023-cü il tarixli, **********077 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 15 noyabr 2023-cü il tarixə kredit üzrə cəmi borcu 2198,57 manat təşkil edir. Bundan 2113,32 manat əsas, 85,18 manat faiz və 0,07 manat cərimə borcu təşkil edir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 13 dekabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və 14 dekabr 2023-cü il tarixdə cavabdehlərə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və işin həllinə dair, qətnamə qəbul ediləcəyi barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları varsa öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri, poçt vasitəsi ilə göndərmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 25 dekabr 2023-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh Nümayəndə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 19 dekabr 2023-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, GY-2598 nömrəli kredit müqaviləsindən (güzəştli şərtlərlə kreditin verilməsinə dair) görünür ki, kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış 16 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Nümayəndə, borclunun-Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. İşdə olan 21 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 16 avqust 2019-cu il tarixli, GY-2598 saylı kredit müqaviləsi üzrə 15 noyabr 2023-cü il tarixinə əsas borc üzrə 2113,32 manat, faiz borcu üzrə 85,18 manat, cərimə üzrə 0,07 manat, cəmi 2198,57 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış 21 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 1749,38 manat gecikdirilmiş borc məbləğinin 5 iş günü ərzində ödənilməsini təmin etmələri tələb olunmuş, əks təqdirdə restrukturizasiya müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmələrini nəzərə alaraq bu müqaviləyə vaxtından əvvəl xitam verilməsi, ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 40-da qeydiyyatdadır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh Nümayəndə, Ucar rayonu, Qarabörk kəndində qeydyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında azad surətdə və şərlərini müəyyənləşdirməklə kredit müqaviləsi (güzəştli şərtlərlə kreditin verilməsinə dair) bağlanmışdır, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyyən olunmuşdur, Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, cavabdeh Nümayəndə zamin kimi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamaqla borclu-Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə də borclu ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borca görə 2113,32 manat, faiz borcuna görə 85,18 manat, dəbbə puluna (cəriməyə) görə 0,07 manat və ödənilmiş dövlət rüsumuna görə 41,99 manat, cəmi 2240,56 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 2113 (iki min yüz on üç) manat 32 (otuz iki) qəpik, faiz borcuna görə 85 (səksən beş) manat 18 (on səkkiz) qəpik, dəbbə puluna (cəriməyə) görə 7 (yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 41 (qırx bir) manat 99 (doxsan doqquz) qəpik, cəmi 2240 (iki min iki yüz qırx) manat 56 (əlli altı) qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-171/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-171/2024
16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver