Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-182/2025 17.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, GY- 2608 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərdən 775,25 manat əsas, 35,58 manat faiz borcunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış 7,70 manat faiz borcunun, ümumilikdə 818,53 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, GY-2608 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 iyul 2013-cü il tarixli, 1210 SBFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 2930 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 20 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən kredit alan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən kredit alan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə kredit verən qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən kredit məbləği kreditin kredit alan üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürmə yolu ilə bu müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən kredit alan kreditdən istifadəyə görə kredit verənə illik 1 faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 təqvim gününün bitdiyi sonuncu gün kredit alan tərəfindən kredit verənin hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği kredit alan tərəfindən kredit verənə bu müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi kredit alan tərəfindən 2 dəfədən və ya 90 gündən artıq müddətə gecikdirildikdə müqavilə kredit verən tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə 01 noyabr 2024-cü il tarixli, 12-5/2-Ə-21-4149/2024 saylı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 30 oktyabr 2024-cü il tarixinə kredit üzrə cəmi borcu 818,53 manat təşkil edir ki, bunun da 775,25 manat əsas borc, 35,58 manat faiz borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə hesablanmış 7,70 manat faiz borcudur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib, ərizədə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini göstərmiş, odur ki, iştirakları olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, GY-2608 nömrəli kredit müqaviləsindən (güzəştli şərtlərlə kreditin verilməsinə dair) görünür ki, kredit verən kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış 20 avqust 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, borclunun-Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürür. İşdə olan 01 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 20 avqust 2019-cu il tarixli, GY-2608 saylı kredit müqaviləsi üzrə 30 oktyabr 2024-cü il tarixinə əsas borc üzrə 775,25 manat, faiz borcu üzrə 35,58 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 7,70 manat, cəmi 818,53 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış 01 noyabr 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 818,53 manat məbləğində vaxtı keçmiş borc məbləğinin 5 iş günü ərzində ödənilməsini təmin etmələri tələb olunmuş, əks təqdirdə restrukturizasiya müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmələrini nəzərə alaraq ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar şəhəri, Şirvan küçəsi, ev 2-də qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ucar şəhəri, 28 May küçəsi, ev 13-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında azad surətdə və şərlərini müəyyənləşdirməklə kredit müqaviləsi (güzəştli şərtlərlə kreditin verilməsinə dair) bağlanmışdır, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyyən olunmuşdur, Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, Cavabdeh2 zamin kimi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamaqla borclu-Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə də borclu ilə birlikdə məsuliyyət daşıyır. Məhkəmə, iddiaçının gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7,70 manat tələbi ilə bağlı qeyd edir ki, cavabdeh aldığı borc məbləğini ödəməyi öhdəsinə götürsə də, həmin öhdəlik onun tərəfindən icra olunmamış, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya məxsus pul vəsaitindən faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməməklə həmin pul vəsaitini qanunsuz olaraq saxladığından, iddiaçı həmin pul vəsaitindən müxtəlif formalarda (sahibkarlıq, investisiya, kapital, depozit və s.) istifadə edə bilərdi və adi mülki dövriyyə şəraitində iddia tələbində göstərilən məbləğdə gəlirlər əldə etmiş olardı. Məhkəmə, hesab edir ki, cavabdeh borc aldığı pul məbləğini vaxtında ödəməmiş və buna görə də mülki qanunverciliyin tələbinə görə gecikdirilmiş vaxt üçün faiz ödənilməsi məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borca görə 775,25 manat, faiz borcuna görə 35,58 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 7,70 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 848,53 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 775 (yeddi yüz yetmiş beş) manat 25 (iyirmi beş) qəpik, faiz borcuna görə 35 (otuz beş) manat 58 (əlli səkkiz) qəpik, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 7 (yeddi) manat 70 (yetmiş) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 848 (səkkiz yüz qırx səkkiz) manat 53 (əlli üç) qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-182/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-182/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver