Məhkəmə qərarları › İş №e-2(063)-20/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-20/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-20/2025 13.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədirliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "Atabank" Açiq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, idddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib cavabdehlər bank qarşısında olan kredit öhdəliklərini tam olaraq yerinə yetirdiyini göstərib iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş 58,91 manat dövlət rüsumunun iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2-ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizə ilə müraciət etdiyinə və cavabdehlər məhkəmə iclasında iştirak etməməklə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddiaçının cavabdehlərə qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilməlidir. Həmçinin, iddiaçının qeyd olunan iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən 22 noyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 51 manat və 29 noyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 8 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259.0.11, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "Atabank" Açiq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilsin. İddiaçı "Atabank" Açiq Səhmdar Cəmiyyəti tərəfindən 22 noyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 51 (əlli bir) manat və 29 noyabr 2023-cü ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 8 (səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayonu üzrə maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar