Məhkəmə qərarları › İş №e-2(063)-237/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-237/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-237/2025 10.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 4765,31 manat əsas, 932,12 manat faiz, 131,28 manat cərimə olmaqla, cəmi 5828,71 manat borcun və ödənilmiş 78,69 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 2500 manatadək məbləğdə kredit limiti ayırmış, sonuncuya bank hesabı (cari, kredit) açmış və ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit limiti 17 iyun 2021-ci il tarixdə artırılaraq 4750 manat məbləğində olmuşdur. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, müqavilə üzrə cavabdehin banka, cəmi 5828,71 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 18 fevral 2021-ci il tarixli, 11258sNFT/20 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 60 ay müddətinə, yəni 18 fevral 2026-cı il tarixədək illik 29% ödəmək şərti ilə 2500 manat məbləğində kredit limiti ayırmış və bank hesabı açmışdır. İşdə olan "xxxx" KB ASC-nin 13 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin tarixə Cavabdeh sözügedən müqavilə üzrə "xxxx" KB ASCyə 4765,31 manat əsas, 932,12 manat faiz, 131,28 manat cərimə olmaqla, cəmi 5828,71 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2024-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" KB ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2025-ci il tarixli, 9/1912 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, eləcə də, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən 18 fevral 2021-ci il tarixli, 11258sNFT/20 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh "xxxx" KB ASC-yə olan kredit borcu əsas məbləğ üzrə 4765,31 manat, faiz üzrə 625,02 manat həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə olan kredit borcundan 09 yanvar 2025-ci il tarixdə 150 manat, 03 fevral 2025-ci il tarixdə isə 500 manat məbləğlərində ödəniş etmişdir. İşdə olan 13 dekabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" KB ASC məhkəməyə müraciət edərkən 78,69 (yetmiş səkkiz manat altmış doqquz qəpik) manat xərc (78,29 manat dövlət rüsumu və 0,40 qəpik bank əməliyyatlarının aparılması üçün xidmət haqqı) çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 18 fevral 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə kredit müqaviləsi bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 18 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 29% olmaq şərtilə 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 2500 manatadək məbləğdə kredit limiti ayırmış, sonuncuya bank hesabı (cari, kredit) açmış və ödəniş kartı təqdim etmiş, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit limiti 17 iyun 2021-ci il tarixdə artırılaraq 4750 manat məbləğində olmuşdur. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə, nəticədə, "xxxx" KB ASC-yə 4765,31 manat əsas, 625,02 manat faiz, 131,28 manat cərimə olmaqla, cəmi 5521,61 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4765,31 manat əsas, 625,02 manat faiz, 131,28 manat cərimə olmaqla, cəmi 5521,61 manat borc və ödənilmiş 78,69 manat məhkəmə xərcinin 96,09%-i, yəni 75,61 manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 3,91%-i, yəni 3,91 manatı iddiaçı "xxxx" KB ASC-dən, 96,09%-i, yəni 96,09 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4765,31 manat əsas, 625,02 manat faiz, 131,28 manat cərimə olmaqla, cəmi 5521,61 (beş min beş yüz iyirmi bir manat altmış bir qəpik) manat borc və ödənilmiş 78,69 manat məhkəmə xərcinin 96,09%-i, yəni 75,61 (yetmiş beş manat altmış bir qəpik) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 3,91%-i, yəni 3,91 (üç manat doxsan bir qəpik) manatı iddiaçı "xxxx" KB ASC-dən, 96,09%-i, yəni 96,09 (doxsan altı manat doqquz qəpik) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar