Məhkəmə qərarları › İş №e-2(063)-262/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-262/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-262/2025 14.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 12758,02 manat məbləğində krеdit bоrcu, 1012,42 manat məbləğində faiz bоrcu və 194,69 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 13965,13 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 131,9 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 06 iyul 2023-cü il tarixdə bağladığı 026A********** saylı ərizəyə əsasən bankın internet səhifəsində yerləşdirilmiş “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən cavabdeh aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15200 manat məbləğində kredit götürmüşdür. O, 08 iyul 2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 2441,98 manat ödəniş etmiş və onun iddiaçıya 12758,02 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya carı hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 25 oktyabr 2024-cü il tarixə 109 gün üçün hesablanmış faiz borcu 1012,42 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 25 oktyabr 2024-cü il tarixə 109 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 194,69 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya carı hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib ərizədə iddia tələbini müdafiə etdiklərini, mülki işə iştirakları olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 06 iyul 2023-cü il tarixli ərizədən (müştəri kodu **********) görünür ki, bankiddiaçı ümumi məbləği 15200 manat olan krediti 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə (FİFD 21,04 faiz) cavabdehə-müştəriyə vermişdir. İşdə olan iddiaçının 25 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müştərisi olan cavabdehin 026A********** saylı, 06 iyul 2023-cü il tarixli kredit razılaşması üzrə 25 oktyabr 2024-cü il tarixə olan borcu-əsas məbləğ üzrə borcu 12758,02 manat, faiz üzrə borcu 1012,42 manat, cərimə borcu 194,69 manat, cəmi 13965,13 manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 25 oktyabr 2024-cü il tarixli xəbərdarlıqda gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuşdur. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 136-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə kredit verilmiş, cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, razılaşmanın şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 131,90 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 12758,02 manat, faiz borcuna görə 1012,42 manat, cəriməyə (dəbbə puluna) görə 194,69 manat, ödənilmiş dövlət rüsumuna görə 131,90 manat, cəmi 14097,03 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 12758 (on iki min yeddi yüz əlli səkkiz) manat 2 (iki) qəpik, faiz borcuna görə 1012 (bir min on iki) manat 42 (qırx iki) qəpik, cəriməyə (dəbbə puluna) görə 194 (bir yüz doxsan dörd) manat 69 (altmış doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 131 (bir yüz otuz bir) manat 90 (doxsan) qəpik, cəmi 14097 (on dörd min doxsan yeddi) manat 3 (üç) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar