Məhkəmə qərarları › İş №e-2(063)-295/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-295/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-295/2025 07.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı müqavilə üzrə borcun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc 889,71 manat, faiz borcu 0,29 manat olmaqla, cəmi 890 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə iddiaçının Ucar filialı ilə Cavabdeh1 arasında 25 dekabr 2019-cu il tarixli, 07-******** saylı güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 1250 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq iddaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçının Ucar filialı ilə Cavabdeh2 arasında 25 dekabr 2019-cu il tarixli, 07-******** saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh1 güzəştli kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 25 dekabr 2019-cu il tarixli, 07-******** saylı güzəştli borc müqaviləsinə əsasən Cavabdeh1 iddiaçıya olan əsas borcu 889,71 manat, faiz borcu 0,29 manat olmaqla, cəmi borc 890 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamini Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 13 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 14 yanvar 2025-ci il tarixdə cavabdehlərə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri və ya göndərmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 21 yanvar 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh2 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 21 yanvar 2025-ci ildə ailə üzvünə (onun razılığı ilə) verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 25 dekabr 2019-cu il tarixli, 07-******** (R) nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanır. Bu müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1250 manat qalıq məbləğini ödəməsi məqsədilə 1250 manat məbləğində güzəştli krediti verməyi, borlu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir. Vaxtı keçmiş əsas kredit borcunun hansı valyutada olması nəzərə alınmadan bu müqavilə ilə verilən kredit milli valyutada (manat) rəsmiləşdirilir. İşdə olan 25 dekabr 2019-cu il tarixli, 07-******** (R) nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, kredit təşkilatı ilə Cavabdeh1 arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış 07-******** (R) saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 1250 manat kreditlə əlaqədar olaraq borcalan kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İşdə olan məlumatdan görünür ki, Cavabdeh1 iddiaçıya 08 yanvar 2025-ci il tarixinə 889,71 manat ödənilməmiş əsas borcu, 0,29 manat ödənilməmiş faiz borcu, cəmi 890 manat borcu vardır. İş materiallarında olan 18 dekabr 2024-cü il tarixli son xəbərdarlıqdan (borcun ödənilməsinə dair) görünür ki, 10 gün müddətində xəbərdarlıq məktubunda göstərilən əsas və faiz borclarının kredit təşkilatının hesabına ödənilməsi cavabdehlərdən tələb olunmuşdur, əks təqdirdə cavabdehlərin iddiaçının Ucar filialına ödəməli olduqları 909,52 manat kredit borclarının onların əmək haqqı, pensiya və yaxud zaminin hesabına ödənilməsi barədə tərəflərindən məhkəmədə iddia qaldırılacağı göstərilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 99, mənzil 14-də qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2 Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 99, mənzil 14-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə güzəştli kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə güzəştli kredit müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla borclunun-Cavabdeh1 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehdən müştərək qaydada əsas borca görə 889,71 manat, faiz borcuna görə 0,29 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 920 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 889 (səkkiz yüz səksən doqquz) manat 71 (yetmiş bir) qəpik, faiz borcuna görə 29 (iyirmi doqquz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 920 (doqquz yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar