Məhkəmə qərarları › İş №e-2(063)-296/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-296/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-296/2025 21.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Məmmədova Şükufə Əlisa qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilən nağd kreditə görə əsas borc üzrə 5381,9 manat, faiz borcu üzrə 0,03 manat olmaqla, cəmi 5381,93 manat borcun, BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən verilən kredit limitinə görə əsas borc üzrə 408,46 manat, faiz borcu üzrə 25,41 manat olmaqla, cəmi 433,87 manat borcun, ümumilikdə 5815,8 manat borcun, o cümlədən iddia ərizəsi üçün ödənilmiş 78,16 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Məmmədova Şükufə Əlisa qızı arasında bağlanmış BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən Məmmədova Şükufə Əlisa qızına illik 22 faizlə 48 ay müddətinə 10000 manat kredit verilmişdir. Eyni zamanda, iddiaçı ilə Məmmədova Şükufə Əlisa qızı arasında bağlanmış BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən Məmmədova Şükufə Əlisa qızına illik 24 faizlə 36 ay müddətinə 500 manat məbləğində kredit xətti ayrılmışdır. AZ-İİ №326950 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Məmmədova Şükufə Əlisa qızı 25 fevral 2023-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 1044 saylı, 03 oktyabr 2024-cü il tarixli məktuba əsasən Cavabdeh Məmmədova Şükufə Əlisa qızının vərəsəsi olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilən nağd kreditə görə cavabdehin əsas borc üzrə 5381,9 manat, faiz borcu üzrə 0,03 manat olmaqla, cəmi 5381,93 manat borcu, BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən verilən kredit limitinə görə cavabdehin əsas borc üzrə 408,46 manat, faiz borcu üzrə 25,41 manat olmaqla, cəmi 433,87 manat borcu mövcuddur. Eyni zamanda, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 78,16 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə cavabdehə 29 noyabr 2024-cü il və 14 yanvar 2025-ci il tarixlərində 6-2-22/2-44438/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib mülki iş üzrə məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və idda tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə saslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 13 oktyabr 2020-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra-“Tam kart" adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə-“hesab” və ya “hesablar" adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən (nağd kredit və/və ya kredit xətti; bundan sonra birlikdə - "kredit" adlanacaq) İstifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri İsə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə gösiərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 4.1.1.1-ci bəndinə görə borc alan tərəfindən nağd kredit sifariş verildikdə və bank borc alana nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə tərəflər arasında kreditin verilməsini təsdiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafiktndə kreditin məbləği, illik faiz dərəcasi, müddəti, aylıq ödənişin mabləği və digər zəruri məlumatları göstərilir. İşdə olan maliyyə arayışından görünür ki, 16 dekabr 2024-cü il tarixədək Məmmədova Şükufə Əlisa qızının iddiaçıya olan ödənilməmiş əsas borcu 408,46 manat və ödənilməmiş faizlər 25,41 manat, cəmi kredit üzrə borcu 433,87 manat təşkil edir. İşdə olan maliyyə arayışından görünür ki, 10 yanvar 2025-ci il tarixədək Məmmədova Şükufə Əlisa qızının iddiaçıya olan ödənilməmiş əsas borcu 5381,9 manat və cəmi ödənilməmiş faizlər 0,03 manat, borc üzrə cəmi tələb edilən məbləğ 5381,93 manat təşkil edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Şükufə Əlisa qızı 25 fevral 2023-cü ildə ölmüşdür. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli, 95 nömrəli məktubdan və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 fevral 2020-ci il tarixdə ölmüş Məmmədova Şükufə Əlisa qızının vərəsəsinə Bakı şəhəri 8 saylı notariat ofisində 09 iyul 2023-cü il tarixdə 2V-129 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə Cavabdeh oluna şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 85,8 kv.metr olan mənzildən ibarətdir. İşdə olan 28 noyabr 2024-cü il tarixli, 6-2-22/2-44438/2024 nömrəli xəbərdarlıqdan görünür ki, iddiaçı borcalan Məmmədova Şükufə Əlisa qızının vərəsəsi Cavabdeh borcun qaytarılması barədə xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda öhdəliyini 5 gün ərzində yerinə yetirmədiyi təqdirdə tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin cavabdehdən tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacağı göstərilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli, e-2(063)-296/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli, 9/2216 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 13 oktyabr 2022-ci il tarixli, BPM **********89 saylı tam kart çərçivə müqaviləsinə əsasən 13 oktyabr 2020-ci il tarixdə verilmiş nağd kredit üzrə qeyd olunan şərtləri nəzərə alaraq Məmmədova Şükufə Əlisa qızının 10 yanvar 2025-ci il tarixə "xxxx" ASC-ə olan borcu ümumilikdə 5.366,34 manat məbləğində müəyyən edilir, o cümlədən 10 yanvar 2025-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 5.366,34 manat, faiz borcu üzrə 0,00 manat. Yuxarıda göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 13 oktyabr 2022-ci il tarixli, BPM **********89 saylı tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xətti üzrə qeyd olunan şərtlər əsas götürülməklə Məmmədova Şükufə Əlisa qızının 16 dekabr 2024-cü il tarixə (sualda qeyd edilən tarixə) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borc üzrə 408,56 manat, faiz borcu üzrə 25,41 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, mülki mühakimə icraatı tərəflərin iradəsi və fəallığı ilə şərtləndirilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Məmmədova Şükufə Əlisa qızı arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi bağlanmış, kredit müqaviləsinə görə Ş.Məmmədova götürdüyü kredit borcunu faiz dərəcəsi ilə birlikdə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərədə tutulan öhdəlik onun tərəfindən yerinə yetirilməmişdir. Ekspert rəyinə görə Məmmədova Şükufə Əlisa qızının 16 dekabr 2024-cü il tarixinə iddiaçıya BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilən nağd kreditə görə əsas borc üzrə 5366,34 manat, faiz borcu üzrə 0,00 manat olmaqla, cəmi 5366,34 manat borcu, BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən verilən kredit limitinə görə əsas borc üzrə 408,46 manat, faiz borcu üzrə 25,41 manat olmaqla, cəmi 433,87 manat borcun, ümumilikdə 5800,21 manat borcu vardır. Məmmədova Şükufə Əlisa qızı 25 fevral 2023-cü ildə ölmüşdür. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 21 dekabr 2024-cü il tarixli, 95 nömrəli məktubdan və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 25 fevral 2020-ci il tarixdə ölmüş Məmmədova Şükufə Əlisa qızının vərəsəsinə Bakı şəhəri 8 saylı notariat ofisində 09 iyul 2023-cü il tarixdə 2V-129 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə Cavabdeh oluna şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 85,8 kv.metr olan mənzildən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, göstərilən maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək bu nəticəyə gəlir ki, iddiaçı ilə Məmmədova Şükufə Əlisa qızı arasında bağlanmış 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə Məmmədova Şükufə Əlisa qızının kredit borcları onun vərəsəsi Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu və bank xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Məmmədova Şükufə Əlisa qızının vərəsəsi cavabdehdən iddiaçının xeyrinə ekspert rəyi nəzərə alınmaqla BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilən nağd kreditə görə əsas borc üzrə 5366,34 manat, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən verilən kredit limitinə görə əsas borc üzrə 408,46 manat, faiz borcu üzrə 25,41 manat, cəmi 433,87 manat, ümumilikdə 5800,21 manat borc, habelə iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 78,16 manat və bankın xidmət haqqına görə 40 qəpik tutulmalı, iddia qalan hissədə təmin edilməməli, həmçinin, mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə cavabdehdən 100 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Məmmədova Şükufə Əlisa qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən verilən nağd kreditə görə əsas borc üzrə 5366 (beş min üç yüz altmış altı) manat 34 (otuz dörd) qəpik, BPM**********89 nömrəli, 13 oktyabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən verilən kredit limitinə görə əsas borc üzrə 408 (dörd yüz səkkiz) manat 46 (qırx altı) qəpik, faiz borcu üzrə 25 (iyirmi beş) manat 41 (qırx bir) qəpik, cəmi 433 (dörd yüz otuz üç) manat 87 (səksən yeddi) qəpik, ümumilikdə 5800 (beş min səkkiz yüz) manat 21 (iyirmi bir) qəpik borc, habelə iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumuna görə 78 (yetmiş səkkiz) manat 16 (on altı) qəpik və bankın xidmət haqqına görə 40 (qırx) qəpik tutulsun. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar