Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-306/2025 17.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1002,28 manat və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğin cavabdehdən tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 aprel 2022-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, 14 dekabr 2022-ci il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “tam maddi məsuliyyət” haqqında müqavilə imzalanmış, 20 fevral 2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01 fevral 2024-cü il tarixində iddiaçının mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, 01 fevral 2024-cü il tarixdə “inventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 2229,97 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən cavabdehin iştirakı ilə keçirilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1002,28 manat borc qalmışdır. Beləliklə cavabdehin hal-hazırda iddiaçıya ümumilikdə 1002,28 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi, əlavə olaraq bildirdi ki, cavabdeh özü şəxsən sayımda iştirak etmişdir və bu barədə iltizamnaməni də imzalamışdır. Amma nəticələrlə tanış olmamış və bu barədə imtina aktı tərtib olunmuşdur, məhkəməyə müraciət etdikdən sonra dəymiş ziyanı ödənilməmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə bildirişi ünvan sahibinə-cavabdehə çatdırılması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 mart 2025-ci il tarixli, 5-80-16/2-20/2025 nömrəli arayışından görünür ki, Cavabdeh nümayəndəlik ərazisində qeydiyyatda olmasına baxmayaraq hazırda ərazidə yaşamır, dəqiq ünvanı nümayəndəliyə məlum deyildir. Həmçinin, AZEMİS vasitəsi ilə cavabdehin istifadəsində olan mobil telefon nömrəsinə “sms” xəbərdarlığı barədə bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” qeyd olunmuşdur) məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və işin faktiki hallarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xxxxxxx000400 nömrəli, 29 aprel 2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə 29 aprel 2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, Cavabdeh həmin tarixdən cəmiyyətin satış departamentinin şatış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix 29 oktyabr 2022-ci il göstərilmişdir. İş materiallarında olan xxxxxxx000404 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə 14 dekabr 2022-ci il tarixdən cəmiyyətin satış departamentinin şatış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan 01 fevral 2024-cü il tarixdə təsdiq edilmiş “Aktivlər üzrə inventarizasiya nəticələrinə” dair “OBA EHMEDLİ 1” mağazasında 19 oktyabr 2023-cü il- 01 fevral 2024-cü il tarixli inventarizasiya siyahısı ilə aparılmış yoxlamanın nəticələri barədə aktdan görünür ki, 19 oktyabr 2023-cü il və 01 fevral 2024-cü il, 105 günü əhatə edən yoxlama dövrü üçün 2229,96 manat çatışmazlıq müəyyən edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli iltizamnamədən görünür ki, cavabdehin komissiya üzvlərinə və yoxlama-işçi qrupunun apardığı yoxlamaya dair heç bir narazılığı və iradı yoxdur. İş materiallarında olan İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 28 oktyabr 2024-cü il tarixinə iddiaçıya ümumi borcu 1002,28 manat təşkil edir. İş materiallarında olan xxxxxxx0004X0 nömrəli, 20 fevral 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 17-X nömrəli, 20 fevral 2024-cü il tarxli əmrlə Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) xitam verilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 18 aprel 2024-cü il tarixli, DN-2304 nömrəli xəbərdarlıqdan görünür ki, 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi göstərilmişdir. İş materiallarına əlavə olunmuş mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci və poçt-kargüzarlığa görə 60 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Lək kəndində qeydiyyatdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC-də tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. Onun tam maddi məsul şəxs olduğu dövrdə təftiş yoxlaması həyata keçirilmiş, nəticədə çatışmazlıq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəşt olunaraq dəymiş ziyanın əvəzində ondan 1002,28 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin iddiaçıya ziyan vurduğu öz təsdiqini tapdığından, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildiyindən cavabdehdən iddiaçıya vurduğu ziyana görə 1002,28 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilən 60 manat mediasiya xərci də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən vurulmuş ziyana görə 1002,28 manat və mediasiya xərcinə görə 60 manat, cəmi 1062,28 manat məbləğində pul tutularaq tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1002 (bir min iki) manat 28 (iyirmi səkkiz) qəpik və mediasiya xərcinə görə 60 (altmış) manat, cəmi 1062 (bir min altmış iki) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-306/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-306/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver