Məhkəmə qərarları › İş №e-2(063)-403/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-403/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-403/2024 12.03.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsinə əsasən 1482,71 manat məbləğində qalıq, ona hesablanmış 129,60 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 168 manat məbləğində dəbbə pulu, cəmi 1780,31 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, 2022/00001EQ-3960 nömrəli istehlak krediti müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 36 faiz hesablanmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında 04 noyabr 2022-ci il tarixli, 2022/00001EQ- 3960 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, bu səbəbdən iddiaçı tərəfindən cavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər, lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. 27 oktyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 1482,71 manat məbləğində qalıq, ona hesablanmış 129,60 manat məbləğində faiz bоrcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 168 manat məbləğində dəbbə pulu, cəmi 1780,31 manat məbləğində borc yaranmışdır. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 19 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlərə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və işin həllinə dair qətnamə qəbul ediləcəyi barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları varsa öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri, poçt vasitəsi ilə göndərmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 22 fevral 2024-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh2 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 22 fevral 2024-cü il tarixdə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 04 noyabr 2022-ci il tarixli, 2022/00001EG-3960 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, borcverən-iddiaçı borcalana-cavabdehə Cavabdeh1 2000 manat məbləğində kredit verir. Bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borcalanın "xxxx" ASC-nin Göyçay filialında olan hesabına köçürülür. Kredit 24 ay müddətinə verilir. Kreditdən istifadəyə görə faiz dərəcəsi, verilmiş məbləğin illik 36 faizini təşkil edir. Müqavilənin 2.3.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda borcalanın müqavilə üzrə borcverənə olan borcunu vaxtından əvvəl ödənilməsini tələb etmək borcverənin hüququdur. Müqavilənin 3.1-ci bəndinə əsasən borcalan ödəniş qrafikinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə müqavilə məbləğinin 0,1 faizi qədər dəbbə pulu ödəyir. Dəbbə pulu (cərimə) müqavilə üzrə kreditin verildiyi müddət ərzində, kredit üzrə nəzərdə tutulmuş ödəniş gününün sonrakı ilk günündən hesablanmağa başlanır. İşdə olan 04 noyabr 2022-ci il tarixli, 2022/00001EG-3960 nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, zamin, iddiaçı qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə borcalan kimi tam məsuliyyət daşıyır. İşdə olan 27 oktyabr 2023-cü il tarixli borc haqqında arayışdan görünür ki, Cavabdeh1 həmin tarixə qeyd olunan müqavilə üzrə iddiaçıya kreditə görə 1482,71 manat, faiz borcuna görə 129,60 manat, dəbbəyə görə 168 manat, cəmi qalıq borc 1780,31 manat təşkil edir. İşdə olan 15 sentyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş bildirişdə kredit borcunu 19 sentyabr 2023-cü il tarixinədək tam olaraq ödənilməsi xahiş olunmuş, əks halda borcun ödənilməsi üçün məhkəmədə iddia qaldırılacağı göstərilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1, Ucar şəhəri, Koroğlu küçəsində yaşayır. İşdə olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2, Ucar şəhəri, X4 küçəsi, ev 24-də yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə istehlak kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə istehlak kredit müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla borclunun-cavabdehin Cavabdeh1 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, cərimənin göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimənin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən cəriməni əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, kredit müqaviləsindən irəli gələn cərimə tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə istehlak kredit müqaviləsi üzrə əsas borca görə 1482,71 manat, faiz borcuna görə 129,60 manat, cəriməyə (dəbbə puluna) görə 128 manat, ödənilmiş dövlət rüsumuna görə 38 manat, cəmi 1778,31 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə əsas borca görə 1482 (bir min dörd səksən iki) manat 71 (yetmiş bir) qəpik, faiz borcuna görə 129 (bir yüz iyirmi doqquz) manat 60 (altmış) qəpik, cəriməyə (dəbbə puluna) görə 128 (bir yüz iyirmi səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat, cəmi 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar