Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-453/2025 09.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 229,57 manat, faiz borcu üzrə 10,95 manat olmaqla, cəmi 240,52 manat borcun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 may 2022ci il tarixli tamkart müqaviləsinə əsasən sonuncuya istifadə etmək üçün bank tərəfindən plastik kart verilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabına 27 fevral 2024-cü il tarixdə sistemdə baş vermiş gecikmələrdən suiistifadə edərək ümumilikdə 249,93 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Daha sonra cavabdeh tərəfindən banka olan borcun 20,36 manat hissəsi ödənilmişdir. Həmin vəsaitə illik 5 faiz dərəcəsilə hesablanmaqla ümumilikdə 10,95 manat faiz borcu hesablanmışdır. Bank tərəfindən təqdim edilən maliyyə arayışına əsasən cavabdehin banka cəmi 240,52 manat qalıq borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 27 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvandan köçməsi əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə çatdırılması üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 mart 2025-ci il tarixli, 5-80-24/2-35/2025 nömrəli məktubundan görünür ki, nümayəndəliyin Yuxarı Çiyni kənd sakini Əliyev X3 Çiyni kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda nümayəndəliyin ərazisində yaşamır, onun hal-hazırda hansı ünvanda yaşaması barədə nümayəndəliyin heç bir məlumatı yoxdur. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini və prosessual hüquq və vəzifələrinin izah olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Məhkəmə, cavabdehə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu cavabdehin iddiaya qarşı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İşdə olan 04 may 2022-ci il tarixli, BPM**********42 saylı tamkart çərçivə müqaviləsindən görünür ki, iddiaçı-bank ilə cavabdeh-müştəri arasında müqavilə bağlanmışdır. İşdə olan əssassız varlanmanın əks etdirən arayışdan görünür ki, 11 fevral 2025-ci il tarixədək cavabdehin cəmi kart üzrə borcu 240,52 manat və rüsum üzrə cəmi tələb olunan məbləğ 30,40 manat məbləğindədir. Həmin arayışda əssasız varlanmaya səbəb olan məbləğ 249,93 manat, cəmi ödənilmiş məbləğ 20,36 manat, əsassız varlanmaya səbəb olan qalıq məbləğ 229,57 manat, hesablanmış faiz (5%) 10,95 manat, əssasız varlanmaya səbəb olan cəmi məbləğ 240,52 manat göstərilmişdir. İşdə olan 10 sentyabr 2024-cü il tarixli, 6-2-22/2-33704/2024 nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən əsassız varlanmaya səbəb olmuş borcunu 3 (üç) gün ərzində ödənilməsi tələb olunmuş, əks halda bank tərəfindən yaranmış borcun, hesablanmış faizlərin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Çiyni kəndində qeydiyyatdadır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilənin şərtlərini pozmuş, 249,93 manat məbləğində iddiaçıya məxsus vəsaiti çıxararaq, bundan 20,36 manat ödəmiş, qalan 229,57 manat hissəsini heç bir hüquqi əsas olmadan özündə saxlamış, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu qaytarmamış, nəticədə iddiaçı qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bankın xidmət haqqı məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunidir, buna görə də iddia təmin edilməklə cavabdehdən əsas borca görə 229,57 manat, faiz borcuna görə 10,95 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat və bankın xidməti haqqına görə 0,40 manat, cəmi 270,92 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 229 (iki yüz iyirmi doqquz) manat 57 (əlli yeddi) qəpik, faiz borcuna görə 10 (on) manat 95 (doxsan beş) qəpik, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat və bankın xidməti haqqına görə 40 (qırx) qəpik, cəmi 270 (iki yüz yetmiş) manat 92 (doxsan iki) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-453/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-453/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver