Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-484/2025 05.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ucar Rayon Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 36800 manat məbləğində pulun, 8200 manat əldən çıxmış faydanın, ödənilmiş 225 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 36800 manat məbləğində pulun, ödənilmiş 225 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 2024-cü ilin may ayının əvvələrində Ucar şəhər sakinləri kimi tanıdığı Cavabdeh1 və Cavabdeh2 onun yaşadığı evə gələrək borc pul istəmişlər, lakin o, pulu olmadığı üçün həmin şəxslərə pul verə bilməmişdir. Ertəsi günü Cavabdeh1 bir daha yaşadığı ünvana gəlib ona yalvararaq iki aya qaytarmaq sərti ilə borc pul istəmişdir. O, Ofelyaya əvvəlcə 300 manat, sonra elə həmin gün 900 manat, iki gün sonra isə 2100 manat borc pul vermişdir. Bundan 2-3 gün sonra Ofelya yenə onun yaşadığı ünvana gələrək borc pul istədiyindən o, həmin gün sonuncuya 300 və 1100 manat, həmin ərəfələrdə 2100 və 6800 manat borc pul vermişdir. Bundan sonra Ofelya ondan oğlu Nurəddinə avtomobil alqı-saqtısı ilə məşğul olması üçün borc pul verməsini xahiş etmişdir. Ofelya onu Cavabdeh2la telefonla danışdıran zaman Nurəddin ondan borc pul verməsini bir daha xahiş etdərək qısa vaxt ərzində aldıqları borcları qaytaracaqlarına dair söz vermişdir. Bundan sonra o, 2024-cü ilin may ayının sonu, iyun ayının əvvəllərində Cavabdeh2 məxsus **********165445 nömrəli kart hesabına Ucar şəhərində olan "Milliön" elektron ödəmə sistemi vasitəsi ilə hissə-hissə olmaqla, ümumilikdə 30000 manat pul göndərmişdir. Lakin Ofelya və Nurəddin ondan borc olaraq aldıqları ümumilikdə 36800 manat məbləğində pul vəsaitini dedikləri vaxtda qaytarmamışlar. Bu səbəbdən də, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əməlini dələduzluq əməli kimi qiymətləndirərək, 36800 manat pulunun ələ keçirilməsi ilə bağlı rəsmi qaydada Ucar rayon prokurorluğuna müraciət etmişdir. Lakin, Ucar rayon prokurorluğu tərəfindən müraciəti aidiyyəti üzrə Ucar RPŞ-yə göndərilmişdir. Ucar RPŞ isə mübahisənin mülki xarakterli olduğunu bildirib, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Buna baxmayaraq, müraciəti Ucar RPŞdə araşdırılan zaman müstəntiq tərəfindən cavabdehlərin izahatları alınması üçün şöbəyə dəvət olunmaları məqsədilə Cavabdeh2 istifadəsində olan ********** saylı mobil nömrə ilə telefon vasitəsilə əlaqə saxlanılarkən sonuncu ondan borc pul aldıqlarını, lakin maddi vəziyyətləri yaxşı olmadığından qaytara bilmədiklərini etiraf etmişdir. Göründüyü kimi, cavabdehlər onun etibarından sui-istifadə edərək xeyli miqdarda pulunu mənimsəmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə məhkəməyə yazılı ərizəsini təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı sonuncu iddia tələbini bir daha müdafiə etdiyini bildirərək,sonuncu iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ilin ayını dəqiq xatırlamadığı vaxtda İddiaçı onun yanında Cavabdeh1 6000-7000 manat arası məbləğdə borc pul vermişdir. Lakin, sonradan İddiaçı ona müxtəlif tarixlərdə Cavabdeh2 məxsus hesaba göndərdiyi pullara dair qəbzləri də göstərmişdir. İddiaçı Rəna ilə ümumi söhbət zamanı isə sonuncunun cavabdehlərə təxminən 35000 – 40000 ətrafında borc pul verdiyini eşidib bilmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayında İddiaçı məxsus evdə olarkən adını sonradan bildiyi Cavabdeh1 oraya gələrək iddiaçıya oğlunun maşın alveri ilə məşğul olduğunu bildirmiş, bununla bağlı 7000 manat borca pul istəmişdir. İddiaçı Rəna onun yanında cavabdeh Ofelyaya 7000 manat məbləğində borc pul vermişdir. Həmin vaxtdan təxminən 10 gün sonra iddiaçı ona “gedək Oba marketdən Nurəddinə pul göndərək” demişdir. O isə iddiaçıya cavabdehlərə nəyə görə bu qədər pul verməsini soruşmuş, Rəna cavabında “insandırlar problemləri ola bilər” deyə bildirmişdir. Beləliklə, o, iddiaçı ilə birlikdə ödəmə terminalı vasitəsilə cavabdehlərə məxsus kart hesabına hissə hissə olmaqla 30000 manatdan çox vəsait göndərmişlər. Hazırda cavabdehlərin iddiaçıya olan 36800 manat borcunun olması realdır və həmin pulların şəxsən və ya ödəmə terminalı vasitəsilə verilməsinin şahidi olmuşdur. İşdə olan Ucar RPŞ-nin 09 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, HK-1/1366 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və iddiaçının müraciətində göstərilən məsələ mülki xarakterli olduğundan sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh2 məxsus **********165445 nömrəli kart hesabına 10 may 2024-cü il tarixdə 450 manat, 09 may 2024-cü il tarixdə 1400 manat, 11 may 2024-cü il tarixdə 1350 manat, 12 may 2024-cü il tarixdə 1900 manat, 13 may 2024-cü il tarixdə 1200 manat, 14 may 2024-cü il tarixdə 5700 manat, 15 may 2024-cü il tarixdə 500 manat, 16 may 2024-cü il tarixdə 1300 manat, 17 may 2024-cü il tarixdə 4100 manat, 18 may 2024-cü il tarixdə 750 manat, 19 may 2024-cü il tarixdə 800 manat, 20 may 2024-cü il tarixdə 370 manat, 23 may 2024-cü il tarixdə 1240 manat, 24 may 2024-cü il tarixdə 150 manat, 25 may 2024-cü il tarixdə 350 manat, 26 may 2024-cü il tarixdə 500 manat, 27 may 2024-cü il tarixdə 720 manat, 28 may 2024-cü il tarixdə 850 manat, 29 may 2024-cü il tarixdə 1700 manat, 30 may 2024-cü il tarixdə 60 manat, 31 may 2024-cü il tarixdə 600 manat, 02 iyun 2024-cü il tarixdə 500 manat, 03 iyun 2024-cü il tarixdə 470 manat, 04 iyun 2024-cü il tarixdə 240 manat, 05 iyun 2024-cü il tarixdə 270 manat, 07 iyun 2024-cü il tarixdə 915 manat, 10 iyun 2024-cü il tarixdə 320 manat, 11 iyun 2024-cü il tarixdə 550 manat, 13 iyun 2024-cü il tarixdə 325 manat, 14 iyun 2024-cü il tarixdə 350 manat, 19 iyun 2024-cü il tarixdə 120 manat, 30 iyun 2024-cü il tarixdə 100 manat, 01 iyul 2024-cü il tarixdə 100 manat, 26 iyul 2024-cü il tarixdə 70 manat məbləğində, cəmi 30320 manat pul vəsaitləri göndərmişdir. İşdə olan 13 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərarın surətindən görünür ki, HK-1/1366 nömrəli material üzrə Ucar RPŞ-nin İN-nin müstəntiqi X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş 09 noyabr 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə əlavə araşdırma aprılması üçün material Ucar RPŞ-nin İB-yə qaytarılmışdır. İşdə olan Ucar RPŞ-nin 23 mart 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, HK-1/1366 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmiş və iddiaçının müraciətində göstərilən məsələ mülki xarakterli olduğundan sonuncuya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 27 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 226 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ehtiyacları olduğu üçün İddiaçı ümumilikdə 36800 manat məbləğində borc pul almışlar, habelə bu vəsaiti təyinatı üzrə öz ehtiyaclarına sərf etsələr də, sonuncuya olan borclarını qaytarmamışlar. Belə ki, cavabdehlər bu günədək 36800 manat borcu ödəməkdən yayınmışlar, bununla da, iddiaçı qarşısında götürdükləri öhdəliklərini lazımınca icra etməmişlər. Hazırda cavabdehlərin iddiaçıya 36800 manat məbləğində borcları vardır. Cavabdehlərin öz borclarını qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini, iş materiallarına əlavə olunmuş Ucar rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş HK-1/1366 nömrəli istintaq materialında olan sənədləri, eləcə də ödəniş qəbzlərini, işin faktiki hallarını, o cümlədən təqdim edilmiş mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edərək müəyyən etdi ki, tərəflər arasında mövcud olmuş münasibətlər etibarlılıq zəminində formalaşsa da, sonda mübahisə ilə nəticələnən məhkəmə müdafiəsindən istifadə edilmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ehtiyacları olduğuna görə müxtəlif tarixlərdə və məbləğlərdə olmaqla ümumilikdə 36800 manat məbləğində borc pul vəsaiti vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh2 verilmiş cəmi 30320 manat məbləğində pul vəsaiti iş materiallarında olan həmin pulların köçürmələrini təsdiq edən qəbzlərlə tam sübuta yetirilmişdir. Məhkəmə bundan başqa, yerdə qalan 6800 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən digər Cavabdeh1 verilməsi isə şahid ifadələri ilə təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.2-ci maddəsinin tələbinə əsasən öhdəliyinin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və lazımi öhdəlik deyildir. Qeyd edilən Məcəllənin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdehlər şifahi borc müqaviləsi üzrə üzərilərnə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş və onlar öhdəliyin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riskləri ilə məsuliyyət daşıyırlar. Bununla da, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya 36800 manat məbləğində pulu qaytarmamaları nəticəsində, sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozduqlarına görə, iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 36800 manat pul, ödənilmiş 225 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulmalıdır. Odur ki, şərh edilənələrə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 36800 (otuz altı min səkkiz yüz) manat pul, ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Ucar Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-484/2025
Ucar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(063)-484/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver