Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-505/2025 17.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 11418,67 manat əsas, 1014,40 manat faiz olmaqla, cəmi 12433,07 manat borcun və ödənilmiş 127,30 manat məbləğində dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 18 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 83 ay müddətinə, illik 20% dərəcəsi ilə 12330,79 manat kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq, bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, bu müqaviləyə əsasən zamin Cavabdeh2, əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə sonuncu ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və onlara hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, sonuncular üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, müqavilələrin bu şərtlərini pozaraq kreditlərin və kredit faizlərinin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Beləliklə, 18 avqust 2023-cü il kredit müqaviləsi üzrə cavabdehlərin banka, cəmi 12433,07 manat borcları yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 83 ay müddətinə, illik 20% ödəmək şərti ilə 12330,79 manat məbləğində kredit vermişdir. İşdə olan 18 avqust 2023-cü il tarixli, Z-RGTK3089534B102 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 18 avqust 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC eyni tarixdə Cavabdeh1 12330,79 manat ödəmişdir. İşdə olan İddiaçı ASC-nin 05 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsinə əsasən 04 mart 2025-ci il tarixə İddiaçı ASC-yə 11418,67 manat əsas, 1014,40 manat faiz olmaqla, cəmi 12433,07 manat borcu vardır. İşdə olan 15 yanvar 2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar İddiaçı ASC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2025-ci il tarixli, 9/3782 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu əsas məbləğ üzrə 11434,11 manat, faiz üzrə 895,33 manat həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 04 mart 2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə müracət edərkən 127,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 18 avqust 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, 18 avqust 2023-cü il tarixli zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin borcalanın Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və borcalanla birgə məsuliyyət daşıyır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə və zaminlik müqaviləsinin şərtlərinə müvafiq olaraq məhkəmə hesab edir ki, zamin Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsinə görə bank qarşısında sonuncu ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclular yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış 18 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 83 ay müddətinə illik 20% dərəcəsi ilə 12330,79 manat kredit verilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı olaraq, bankla digər Cavabdeh2 arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə də öhdəliyi icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, sözügedən kredit müqaviləsi üzrə cavabdehlərin banka cəmi 12314 manat borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsi üzrə 11418,67 manat əsas, 895,33 manat faiz olmaqla, cəmi 12314 manat borc və ödənilmiş 127,30 manat məbləğində dövlət rüsumunun 99 %-i, yəni 126,027 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 01 %-i, yəni 01 manatı İddiaçı ASC-dən, 99 %-i, yəni 99 manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 18 avqust 2023-cü il tarixli, RGTK3089534B102 nömrəli kredit müqaviləsi üzrə 11418,67 manat əsas, 895,33 manat faiz olmaqla, cəmi 12314 (on iki min üç yüz on dörd) manat borc və ödənilmiş 127,30 manat məbləğində dövlət rüsumunun 99 %-i, yəni 126,027 (bir yüz iyirmi altı manat iyirmi yeddi qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutularaq ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 01 %-i, yəni 01 (bir) manatı İddiaçı ASC-dən, 99 %-i, yəni 99 (doxsan doqquz) manatı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-505/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-505/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver