Məhkəmə qərarları › İş №e-2(063)-559/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-559/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-559/2024 15.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi məbləğinin və dövlət rüsumunun (pul vəsaitinin) cavabdehdən tutulması haqqında iddia ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı sığorta ödənişi məbləğinin və dövlət rüsumunun (pul vəsaitinin) cavabdehdən tutulması haqqında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 217 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 247 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X4 arasında 10 yanvar 2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Elantra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh, 20 avqust 2019-cu il tarixdə “Hyundai Elantra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Abşeron rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “X9” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərlərin aradan qaldırılması üçün iddiaçı, “X9” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 217 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Abşeron RPİ DYPŞ-nin iddiaçıya təqdim etdiyi 05 sentyabr 2019-cu il tarixli, 128-59960-1219 saylı arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində təqsiril bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin, qeyd olunan arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Elantra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 217 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən cavabdehin ünvanına geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək cəmiyyətə ödənilməmişdir. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının iddia ərizəsi 09 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehə işə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərizində, tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi və ya göndərə bilməsi cavabdehə izah olunmuşdur. Cavabdehə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 22 aprel 2024-cü il tarixdə ailə üzvünə-atasına (onun razılığı ilə) verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq cavabdeh iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırmanın aparılmasına, tərəflərin çağırılaraq izahatlarının alınmasına zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 01 oktyabr 2019-cu il tarixli, 19-08733/09/AA-7309/19 nömrəli sığorta aktından görünür ki, “Hyundai Elantra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 10 yanvar 2019-cu il tarixdən 10 yanvar 2020-ci il tarixədək sığorta edilmişdir. 20 avqust 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 217 manat müəyyən edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 20 avqust 2019-cu il tarixdə, saat 19:50-də “Hyundai Elantra” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X5 avtonəqliyyat vasitəsinin mülkiyyətçisi, Cavabdeh isə hadisə baş verdiyi anda sürücü kimi, habelə sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı göstərilmişdir. İşdə olan Abşeron Rayon axtarış üzrə baş inspektoru S.Nəbiyev tərəfindən 20 avqust 2019-cu il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan “X7”-un aktından görünür ki, “X9” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir ilə bağlı xidmətin yekun dəyəri 217 manat təşkil edir. İşdə olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən 02 oktyabr 2019-cu il tarixdə X2 hesabına qeyd olunan sığorta aktına əsasən sığorta şəhadətnaməsi üzrə 217 manat sığorta ödənişi köçürülmüşdir. İşdə olan 18 oktyabr 2019-cu il tarixli. AS-19/3609 nömrəli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı cavabdehə sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 217 manat sığorta ödənişi məbləğində pul vəsaitini tələb etmək hüququna malik olması barədə məktub göndərilmişdir. İş materiallarında olan MAPS şöbəsinin 28 noyabr 2023-cü il tarixli arayışından və şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Bağban kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin delikt və sığorta ilə bağlı normaları, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.1-ci və 25.1.3-cü maddələrinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır-icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, cavabdeh qeyd olunan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə zərərçəkmiş şəxsə maddi zərər dəymişdir, nəqliyyat vasitəsi icbari sığorta növündə sığorta olunduğundan dəymiş zərərə görə iddiaçı tərəfindən faydalanan şəxsə 217 manat sığorta ödənişi köçürülmüş, iddiaçı tərəfindən subroqasiya qaydasında (geriyə tələb barədə) cavabdehə məktub göndərilmişdir. Qanunun tələbinə görə də subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır, həmçinin, qanunvericiliyin tələbinə görə əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi subroqasiya hüququnun həmin şəxsə qarşı yaranması üçün əsasdır. İddiaçının tələbi əsaslı və qanunauyğundur, buna görə də iddia təmin edilməli, cavabdehdən sığorta ödənişinə görə 217 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 247 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 217 (iki yüz on yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 247 (iki yüz qırx yeddi) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar