Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-575/2025 07.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması barədə ərizəsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kredit borcunun qaytarılması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 788,06 manat əsas, 5,57 manat faiz, 14,96 manat faiz borcu (kredit müqaviləsinin müddəti bitdikdən sonra yaranmış) olmaqla, ümumilikdə 808,59 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, LM101900453 saylı restrukturizasiya müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödənilmək şərtilə 1873,24 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə 22 oktyabr 2019-cu il tarixli, LM101900453 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 07 mart 2025-ci il tarixə bank ilə Cavabdeh1 arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə 788,06 manat əsas, 5,57 manat faiz, 14,96 manat faiz borcu (kredit müqaviləsinin müddəti bitdikdən sonra yaranmış) olmaqla, ümumilikdə 808,59 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcud olmuşdur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019cu il tarixli Fərmanın təsir dairəsinə düşmüş və tərəflərindən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilə hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə, hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi 07 aprel 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdehlərə sadələşdirilmiş icraat qaydasında, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması və həmin işin həllinə dair qətnamə çıxarılması barədə məhkəmə bildirişləri göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda dəlillərini və onları təsdiq edən sənədləri, bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə təqdim etmələri və ya göndərmələri cavabdehlərə izah olunmuşdur. Cavabdeh1 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 aprel 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh2 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 aprel 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Cavabdeh3 rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi 17 aprel 2025-ci ildə verilmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı etirazını və dəlillərini məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən edilmiş qaydada bildirişlər göndərildiyini, prosessual hüquq və vəzifələrinin izah olunduğunu və cavabdehlərin iddiaya qarşı etirazlarının olmamasını nəzərə alaraq hesab edir ki, mülki işə iddia icraatı qaydasında baxılmasına əsas ola bilən hallar yoxdur, mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün qanuni əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan 22 oktyabr 2019-cu il tarixli, LM101900453 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış 30 yanvar 2015-ci il tarixli, 165 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1873 manat 24 qəpik məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Həmin müqavilədə restrukturizasiya müqaviləsinin 60 ay müddətində bağlandığı, borcun ödənilməli olduğu son tarix 22 oktyabr 2024-cü il göstərilmişdir. İşdə olan 22 oktyabr 2019-cu il tarixli, LM101900453 saylı zaminlik müqaviləsindən görünür ki, ləğv prosesində olan bankla borclu Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, LM101900453 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1873,24 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə ləğv prosesində olan bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İşdə olan 22 oktyabr 2019-cu il tarixli, LM101900453 saylı zaminlik müqaviləsindən görünür ki, ləğv prosesində olan bankla borclu Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, LM101900453 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 1873,24 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə ləğv prosesində olan bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. İşdə olan 18 mart 2025-ci il tarixli məktubdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, LM101900453 saylı kredit müqaviləsi üzrə 07 mart 2025-ci il tarixinə müqavilə üzrə əsas borc 788,06 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 5,57 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 14,96 manat, cəmi 808,59 manat təşkil edir. İşdə olan cavabdehlərə ünvanlanmış 17 mart 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən 808,59 manat gecikdirilmiş borc məbləğinin 5 iş günü ərzində ödənilməsini təmin etmələri tələb olunmuş, əks təqdirdə restrukturizasiya müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmələrini nəzərə alaraq ümumi kredit borcun və hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh3, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında azad surətdə və şərlərini müəyyənləşdirməklə restrukturizasiya müqaviləsi bağlanmışdır, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyyən olunmuşdur, Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlik müqavilələri bağlamaqla borclu Cavabdeh1 kreditor qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə də borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Məhkəmə, iddiaçının kredit müqaviləsinin müddəti bitdikdən sonra yaranmış 14,96 manat faiz borcu tələbi ilə bağlı qeyd edir ki, cavabdeh borc məbləğini ödəməyi öhdəsinə götürsə də, həmin öhdəlik onun tərəfindən icra olunmamış, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla iddiaçıya məxsus pul vəsaitindən faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməməklə həmin pul vəsaitini qanunsuz olaraq saxladığından, iddiaçı həmin pul vəsaitindən müxtəlif formalarda (sahibkarlıq, investisiya, kapital, depozit və s.) istifadə edə bilərdi və adi mülki dövriyyə şəraitində iddia tələbində göstərilən məbləğdə gəlirlər əldə etmiş olardı. Məhkəmə, hesab edir ki, cavabdeh borc aldığı pul məbləğini vaxtında ödəməmiş və buna görə də mülki qanunverciliyin tələbinə görə gecikdirilmiş vaxt üçün faiz ödənilməsi məqsədəuyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borca görə 788,06 manat, faiz borcuna görə 5,57 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 14,96 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 838,59 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borca görə 788 (yeddi yüz səksən səkkiz) manat 6 (altı) qəpik, faiz borcuna görə 5 (beş) manat 57 (əlli yeddi) qəpik, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 14 (on dörd) manat 96 (doxsan altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 838 (səkkiz yüz otuz səkkiz) manat 59 (əlli doqquz) qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-575/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-575/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver