Məhkəmə qərarları › İş №e-2(063)-580/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-580/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-580/2025 05.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 22201,8 manat məbləğində əsas borcun, 2434,11 manat məbləğində faiz borcunun, 640,92 manat məbləğində cərimə borcunun, cəmi 25276,83 manat borcun və 169 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış 26 may 2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 23 faiz olmaqla 30000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən iki aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh2 və Cavabdeh1 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh3 bütün öhdəliklərini icra etməlidirlər. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib ərizədə göstərmişdir ki, məhkəmə proseslərinin çox olması ilə əlaqədar olaraq qeyd olunan iclasda iştiraklarının təmin olunması qeyri-mümkündür. Cavabdehlərlə heç bir razılığa gələ bilməmişlər və tərəflər hələ də müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır. Qeyd olunanları nəzərə almağı, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və mülki iş üzrə hazırlıq mərhələsində təqdim etdikləri mümkün və mötəbər sübutlar əsasında iddia tələblərinin tam təmin olunması üzrə qətnamənin qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər. Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamamasına görə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Həmçinin, Cavabdeh2 istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsi ilə “sms xəbərdarlığı” barədə bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” qeyd olunmuşdur) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 26 may 2023-cü il tarixli, MK/84573/91/15 nömrəli kredit sazişindən görünür ki, iddiaçı-bank, müştəri-Cavabdeh3 və zaminlər-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit sazişinə əsasən Cavabdeh3 36 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 30000 manat kredit verilmiş, həmçinin, cavabdehlər, İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə tanış olmuşlar. İşdə olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, gecikdirilmiş kreditə görə, kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. İşdə olan 15 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 26 may 2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 22201,8 manat əsas, 2434,11 manat faiz və 640,92 manat məbləğində cərimə borcu vardır. İşdə olan 15 yanvar 2025-ci il tarixli bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildirişlər göndərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh3, Ucar şəhəri, Şəhriyar küçəsi, döngə 5, ev 11-də qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ağdam şəhəri, M.Abbas küçəsi, ev 14-də qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Göyçay şəhəri, X3 küçəsi, ev 65-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərlərini müəyyənləşdirməklə kredit sazişi (bu saziş İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir) bağlanmışdır, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyyən olunmuşdur, Cavabdeh3 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, kredit sazişinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun-iddiaçının borcludan- Cavabdeh3 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zamin kimi borclunun-Cavabdeh3 iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə də borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə əsas borca görə 22201,80 manat, faiz borcuna görə 2434,11 manat, dəbbə puluna (cəriməyə) görə 640,92 manat və ödənilmiş dövlət rüsumuna görə 169 manat, cəmi 25445,83 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada əsas borca görə 22201 (iyirmi iki min iki yüz bir) manat 80 (səksən) qəpik, faiz borcuna görə 2434 (iki min dörd yüz otuz dörd) manat 11 (on bir) qəpik, dəbbə puluna (cəriməyə) görə 640 (altı yüz qırx) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumuna görə 169 (bir yüz altmış doqquz) manat, cəmi 25445 (iyirmi beş min dörd yüz qırx beş) manat 83 (səksən üç) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar