Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-61/2025 03.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə, Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "kreditin, ona hesablanmış faizlərin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 4791,54 manat əsas, 769,23 manat faiz, 235,91 manat cərimə olmaqla, cəmi 5796,68 manat borcun və 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 22 iyul 2023-cü il tarixli kredit sazişinə əsasən bank cavabdehə 24 ay müddətinə, illik 25% olmaqla 5000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit sazişinə əsasən kredit alan kredit və hesablanmış faizləri ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri ödəməkdən yayınmış, krediti müqaviləsinin tələblərini pozaraq, Bank qarşısında cəmi 5796,68 manat borcu yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 22 iyul 2023-cü il tarixli, CE/85223/92/13 nömrəli kredit sazişindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan 22 iyul 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh elə həmin tarixdə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 02 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka 4791,54 manat əsas, 769,23 manat faiz, 235,91 manat cərimə olmaqla, cəmi 5796,68 manat kredit borcu vardır. İşdə olan 02 iyun 2024-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/7640 nömrəli və 23 aprel 2025-ci il tarixli, 9/1260 nömrəli rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, eləcə də, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 22 iyul 2023-cü il tarixli, CE/85223/92/13 nömrəli kredit sazişi üzrə borcalan Cavabdehnın "xxxx" ASC-yə olan kredit borcu əsas məbləğ üzrə 4765,25 manat, faiz üzrə 767,73 manat həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli, 9/7640 nömrəli və 23 aprel 2025-ci il tarixli, 9/1260 nömrəli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri ümumilikdə 200 manat təşkil edir. İşdə olan 09 iyul 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsinə məhkəmədə baxılması üçün 80 (səksən) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 22 iyul 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında 22 iyul 2023-cü il tarixli kredit sazişi bağlanmış və bu müqavilə ilə iddiaçı illik 25% hesablanmaqla 24 ay müddətə cavabdehə 5000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit sazişinə əsasən kredit alan kredit və hesablanmış faizləri ödəniş cədvəlinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri ödəməkdən yayınmış, kredit sazişinin tələblərini pozmuşdur. Bununla da, cavabdehin banka 4765,25 manat əsas, 767,73 manat faiz, 235,91 manat cərimə olmaqla, cəmi 5768,89 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4765,25 manat əsas, 767,73 manat faiz, 235,91 manat cərimə olmaqla, cəmi 5768,89 manat ödəniş vaxtına manata məzənnəsi üzrə borc və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 97%-i, yəni 77,60 manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manatın 03%-i, yəni 06 manatı iddiaçı "xxxx" ASC-dən, 97%-i, yəni 194 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 4765,25 manat əsas, 767,73 manat faiz, 235,91 manat cərimə olmaqla, cəmi 5768,89 (beş min yeddi yüz altmış səkkiz manat, səksən doqquz qəpik) manat borc və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun 97%-i, yəni 77,60 (yetmiş yeddi manat 60 qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manatın 03%-i, yəni 06 (altı) manatı iddiaçı "xxxx" ASC-dən, 97%-i, yəni 194 (bir yüz doxsan dörd) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-61/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-61/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver