Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-65/2024 22.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500 manat sığorta ödənişi məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi “Howo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil 04 aprel 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 04 aprel 2022-ci il tarixdə cavabdeh idarə etdiyi “Howo” markalı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurmuş, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən cavabdehin yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etdiyi müəyyən olunmuşdur. Bununla bağlı X3 Xidmətinin əməkdaşı tərəfindən 04 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. 07 aprel 2022-ci il tarixli hesablama aktına əsasən “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 500 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 12 avqust 2022-ci il tarixli sığorta aktına əsasən “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir olunması üçün 500 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə 19 avqust 2022-ci il tarixdə həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən subroqasiya hüququnun keçməsi əsasında 500 manat məbləğində pul vəsaiti 19 avqust 2022-ci il tarixdə "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddialarının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QQİ tərəfindən 04 aprel 2022-ci il tarixdə verilmiş BB seriyalı, 22543 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olan “Howo” yük markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 04 aprel 2022-ci ildən 04 aprel 2023-cü il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş arayışdan, həmçinin X3 Xidmətinin əməkdaşı tərəfindən 04 aprel 2022-ci il tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 04 aprel 2022-ci il tarixdə, saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “Howo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sulutəpə yolunda yol-nəqliyyat hadisəsi törətməklə, X1 idarə etdiyi “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, həmçinin Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair yekun aktdan görünür ki, “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyatlı nişanlı avtomobilə 500 manat məbləğində ziyan dəymişdir. İşdə olan 12 avqust 2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərərə görə 500 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən X2 ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən 19 avqust 2022-ci il tarixdə sığortaçı "xxxx" ASC X2 500 manat sığorta ödənişi etmişdir. İşdə olan 31 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinin İ, İİ və V bəndlərinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından aydın olur ki, yol-nəqliyyat hadisəsi baş verərkən Cavabdeh "xxxx" MMC-yə məxsus olan “Howo” yük markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Bu isə onu göstərir ki, “Howo” yük markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən qanuni əsas olmaqla idarə edilmişdir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, “Howo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuş və bununla da, həmin avtomaşını idarə edən şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə mülki məsuliyyəti mövcud olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh "xxxx" ASC-də sığortalanmış “Howo” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində “OPEL ASTRA” markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomaşına 500 manat məbləğində zərər dəymiş, o cümlədən zərər məbləğinə müvafiq olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol nəqliyyat hadisəsini törətmiş və bundan sonra hadisə yerindən yayınmış Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə 500 manat borcu vardır. Həmin zərər sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənildiyi üçün şirkət cavabdehə qarşı subroqasiya qaydasında iddia irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehdən 500 manat məbləğində sığorta ödənişinin, 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-65/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-65/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver