Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-67/2024 25.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10941,72 manat sığorta ödənişi məbləğinin və 122,82 manat məbləğində dövlət rüsumunun, eləcə də 0,40 manat bank xidmət haqqının əvəzinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi “Kamaz” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 07 aprel 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisə ilə bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 09 aprel 2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Mistsubishi” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 15941,72 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 28 iyul 2022-ci il tarixli sığorta aktına əsasən “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün 15941,72 manat sığorta ödənişinin təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Həmçinin, vurulmuş ziyana görə Cavabdeh nəqliyyat vasitəsinin sığortalandığı “Azərbaycan Sənaye Sığorta” şirkəti tərəfindən 5000 manat "xxxx" ASCyə ödənilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdehin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdeh başqa ünvanda yaşadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 24 yanvar 2020-ci il tarixdə verilmiş AD seriyalı, 761006 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, 29 yanvar 2022-ci il tarixli nəqliyyat vasitəsini idarə etmək haqqında ƏN-İV seriyalı, 982798 nömrəli etibarnamənin və icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus olmaqla, X2 etibarnaməli idarəçiliyindəki “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 27 yanvar 2022-ci ildən 26 yanvar 2023-cü il tarixədək sığortalanmışdır. İşdə olan mötəbər sübutlardan, o cümlədən yol-nəqliyyat hadisəsinə dair tərtib edilmiş sxemin surətlərindən, həmçinin Cəbrayıl rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı X1 tərəfindən 07 aprel 2022-ci il tarixdə qəbul olunmuş TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 07 aprel 2022-ci il tarixdə, saat 13:25 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu idarə etdiyi “Kamaz” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəbrayıl rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməklə, X2 idarəçiliyində olan “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan AB seriyalı, 521709 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 21 may 2013-cü il tarixdən 21 may 2023-cü il tarixədək “BCD” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İşdə olan AD seriyalı, 108338 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 13 dekabr 2013-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 15941,72 manat məbləğində ziyan dəymişdir. İşdə olan 28 iyul 2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 15941,72 manat sığorta ödənişinin "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 01 avqust 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, yuxarıda adı qeyd edilən sığorta aktına əsasən sığortaçı "xxxx" ASC "xxxx" MMC-yə 15942 manat sığorta ödənişi etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 122,83 (bir yüz iyirmi iki manat 83 qəpik) manat dövlət rüsumu və 0,40 manat bank xidmət xərci) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Kamaz” markalı, ** GD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh qanuni əsaslarla sahiblik edərək idarə etmiş və onun təqsirli hərəkətləri nəticəsində "xxxx" ASC-də sığortalanmış “Mistsubishi L200” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 15941,72 manat məbləğində zərər dəymiş və C-MİC-0120/22 nömrəli sığorta şəhadətnaməsinə əsasən zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi "xxxx" ASC tərəfindən ödənildiyinə görə şirkətin yol nəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı subroqasiya qaydasında iddia irəli sürmək hüququ yaranmışdır. Hazırda vurulmuş ziyana görə Cavabdeh nəqliyyat vasitəsinin sığortalandığı “Azərbaycan Sənaye Sığorta” şirkəti tərəfindən 5000 manatı iddiaçı "xxxx" ASC-yə ödənilmişdir. Bu səbəbdən də, 5000 manatın ödənilməsi nəzərə alınaraq dəymiş zərər 10941,72 manat hesablanmalıdır. Belə olan halda, vurulmuş ziyana görə Cavabdeh iddiaçı "xxxx" ASC-yə olan borcu 10941,72 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə Cavabdeh 10941,72 manat məbləğində pul vəsaiti və 122,82 manat dövlət rüsumu, eləcə də 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10941,72 (on min doqquz yüz qırx bir manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti və 122,82 (bir yüz iyirmi iki manat səksən iki qəpik) manat dövlət rüsumu, eləcə də 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-67/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-67/2024
25.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver