Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-710/2024 05.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2014-cü il tarixli, 520 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən bankın xeyrinə 3185 manat əsas, 2331,92 manat faiz olmaqla, cəmi 5516,92 manat borcun və 76 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə X2, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 06 fevral 2014-cü il tarixli, 520 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən sonunculara illik 27% olmaqla, 24 ay müddətinə cəmi 5000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərdən X2 vəfat etmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə əsasən cavabdehlər qrafikə uyğun olaraq əsas borcu, həmçinin həmin borca əsasən hesablanmış faiz borcunu ödəməyi öhdələrinə götürsələr də, onlar, müqavilənin şərtlərinə əməl etməmişlər, nəticədə, iddiaçı BOKT-a cəmi 5516,92 manat borcları yaranmışdır. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmışlar. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsinə etirazının olmadığını, eyni zamanda ekspert rəyinin faiz borcuna aid hissəsi ilə razıdır, qalan hissədə isə iddianı müdafiə etdiyini bildirdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin, eləcə də Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Ucar filialı ilə X2, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 06 fevral 2014-cü il tarixli, 520 nömrəli birgə borclularla kredit müqaviləsinin surətindən görünür ki, ticarət məqsədilə Bank tərəfindən Nəriman Məmmədova, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 illik 27% olmaqla, 24 ay müddətinə cəmi 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən 20 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 907476 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03 noyabr 2017-ci il tarixdə mədə cisminin bədxassəli yenitörəməsi diaqnozundan Ucar şəhərinə ölmüşdür. İşdə olan cavabdehlər tərəfindən imzalanmaqla təsdiq edilmiş ərizədən görünür ki, cavabdehlər müqavilə üzrə iddia müddətinin ötməsini bildirirərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş 06 aprel 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X1 BOKT İddiaçı QSC-yə həmin tarixə olan borcu 3185 manat əsas, 2331,92 manat faiz olmaqla, cəmi 5516,92 manat təşkil edir. İşdə olan bildirişin surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar BOKT İddiaçı QSC tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli, 9/7056 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 06 fevral 2014-cü il tarixli, 520 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına 06 aprel 2024-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) və 28 iyun 2024-cü il tarixə (sonuncu ödəniş olunan tarixə) olan əsas borcu 3185 manat, faiz borcu isə 917,62 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 30 may 2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı məhkəməyə müraciət edərkən 76 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, işin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi 06 fevral 2014-cü il tarixində bağlanmış, habelə kredit müqaviləsinin qüvvədə olma müddəti əsas öhəliklərin tam icra olunma vaxtı ilə müəyyənləşdirilmişdir ki, bu da qeyri-müəyyən müddət olmaqla dəqiqliyi ehtiva etmir. Belə olan halda məhkəmə hesab edir ki, tələb etmə müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf məhkəməyə 28 iyun 2024-cü il tarixdə 30 manat ödənişin edilməsi barədə sənəd təqdim etsə də, həmin ödənişin məhz cavabdehlər tərəfindən ödənilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə məhkəmə, işin faktiki hallarını, o cümlədən tərəflər arasında olan münasibətlərin kredit ilə bağlı müqavilədən irəli gələn öhdəlik münasibətləri olmasını nəzərə alaraq mövcud mübahisəyə mülki qanunvericilikdə (Mülki Məcəllənin 373.2-ci maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 76 manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının özünə aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının özünə aid edilsin. Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-710/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-710/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver