Məhkəmə qərarları › İş №e-2(063)-711/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-711/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-711/2024 05.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas məbləğ üzrə 242,12 manat, hesablanmış və ödənilməmiş faiz borcu 24,29 manat, cərimə borcu 21,08 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 15,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə pöçt xərcləri üzrə 4,80 manat, cəmi borc 307,29 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 15 yanvar 2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan cavabdehə istehlak yönümlü 300 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komissiyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilədə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən bankın “kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı bankın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını banka ödəmək vəzifəsini daşıyır. İddiaçı müqavilə ilə üzrərinə götürdüyü öhdəliklərini tam icra etsə də borcalan cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən iddiaçıya olan əsas məbləğ üzrə borcu 242,12 manat, hesablanmış və ödənilməmiş faiz borcu 24,29 manat, cərimə borcu 21,08 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 15,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi borcu 307,29 manat təşkil edir. İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib ərizədə iş yükünün çox olması ilə əlaqədar bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmasının mümkün olmaması, iddianı müdafiə etdiklərini göstərmiş, məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul ediməsini xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə bildirişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsinin 03 iyul 2024-cü il tarixli, 5-80-28/2-506/2024 nömrəli məktubundan görünür ki, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 13, ev 2, mənzil 16-da qeydiyyatda olan Cavabdeh qeydiyyatda olduğu mənzili valideyinləri uzun müddətdir ki, satıb ərazidən köçüblər, onun faktiki harada yaşaması məlum deyildir. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “sms” xəbərdarlığı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və digər yaşayış yeri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 15 yanvar 2021-ci il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. İşdə olan 04 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan əsas məbləğ üzrə borcu 242,12 manat, hesablanmış və ödənilməmiş faiz borcu 24,29 manat, cərimə borcu 21,08 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 15,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi borcu 307,29 manat təşkil edir. İşdə olan 18 aprel 2024-cü il tarixli, 00198 nömrəli bildirişdən (pretenziyadan) görünür ki, iddiaçı cavabdehdən həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılmasını və ödənilməsini tələb etmiş, əks halda iddiaçı yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edəcəyini, qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından istifadə ediləcəyini göstərmişdir. İşdə olan MAPS şöbəsinin 06 may 2024-cü il tarixli arayışından və şəxsincavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar şəhəri, 20 Yanvar küçəsi, döngə 13, ev 16-da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh azad surətdə və şərtlərini müəyyənləşdirməklə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlamışlar və müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, o, cavabdeh kimi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra etməmişdir, iddiaçının da cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə iddiaçının xeyrinə cavabdehdən əsas məbləğ üzrə borca görə 242,12 manat, hesablanmış və ödənilməmiş faiz borcuna görə 24,29 manat, cəriməyə (dəbbə puluna) görə 21,08 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 15 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə görə 4,80 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 337,29 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə borca görə 242 (iki yüz qırx iki) manat 12 (on iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcuna görə 24 (iyirmi dörd) manat 29 (iyirmi doqquz) qəpik, cəriməyə (dəbbə puluna) görə 21 (iyirmi bir) manat 8 (səkkiz) qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 15 (on beş) manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinə görə 4 (dörd) manat 80 (səksən) qəpik və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 337 (üç yüz otuz yeddi) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul tutularaq iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar