Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-76/2025 10.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6908,14 manat, faiz borcuna görə 406,89 manat, dəbbə borcuna görə 660,5 manat, cəmi 7975,53 manat məbləğində pulun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının “Sumqayıt” filialı ilə cavabdeh arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsinə əsasən illik 15,5 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 8000 manat məbləğində cavabdehə kredit verilmişdir. 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan-cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 14-dən gec olmayaraq hər ay 279,29 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6908,14 manat, faiz borcuna görə 406,89 manat, dəbbə borcuna görə 660,5 manat, borcun cəmi məbləği 7975,53 manat təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6908,14 manat, faiz borcuna görə 406,89 manat, dəbbə borcuna görə 660,5 manat, cəmi 7975,53 manat pul tutulmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib ərizədə təyin edilmiş mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə həm qeydiyyatda olduğu yer üzrə, həm də iş materiallarında göstərilən faktiki yaşayış yeri üzrə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişləri müvafiq olaraq həmin ünvandan köçməsi və ünvanın düzgün olmaması əsasları ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə çatdırılması üçün qeydiyyatda olduğu yer üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 aprel 2025-ci il tarixli, 5-80-19/2-102/2025 nömrəli məktubundan görünür ki, Cavabdeh Ucar rayonu, Boyat kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda ərazidə yaşamır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə AZEMİS vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə “sms xəbərdarlığı barədə” bildiriş göndərilsə də (mesajın statusunda “çatdırıldı” göstərilmişdir) məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olamadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 nömrəli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair müştəri ilə bank arasında bağlanan müqavilənin ümumi şərtləri üzrə lokal kartla kredit verilməsinə dair əsas şərtlərdənrazılaşmadan görünür ki, cavabdehə 36 ay müddətinə illik 15.5 faiz dərəcəsi ilə 8000 manat kredit verilmişdir. İşdə olan 01 avqust 2024-cü il tarixli, RB-02/PK-3300 nömrəli arayışdan görünür ki, cavabdehin iddiaçıya 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı müqaviləsi üzrə 31 iyul 2024-cü il tarixinə əsas borcu 6908,14 manat, faiz borcu 406,89 manat, cərimə borcu 660,5 manat, cəmi 7975,53 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 avqust 2024-cü il tarixli, RB- 02/PK-3301 nömrəli bildirişdə 3 iş günü müddətində göstərilən məbləğin ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Boyat kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin hazırkı iş üzrə e-2(063)-955/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 9/9458 nömrəli, 05 fevral 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 sentyabr 2023-cü il tarixdə bağlanmış SUNPU-07659 nömrəli kredit razılaşmasında qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh iddiaşı İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi 31 iyul 2024-cü il (sualda göstərilən tarixə) borcu 7315,43 manat, əsas borc üzrə 6907,96 manat, faiz borcu üzrə 407,47 manat müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında iddiaçı bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana 14 sentyabr 2023-cü il tarixli, SUNPU-07659 saylı kredit sazişi üzrə cərimə hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə razılaşma (müqavilə) bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, razılaşmanın (müqavilənin) şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə razılaşma (müqavilə) bağladığından həmin razılaşma (müqavilə) üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, borclu-cavabdeh kreditor-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun-iddiaçının borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 6907,96 manat, faiz borcuna görə 407,47 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 7415,43 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 6907 (altı min doqquz yüz yeddi) manat 96 (doxsan altı) qəpik, faiz borcuna görə 407 (dörd yüz yeddi) manat 47 (qırx yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat, cəmi 7415 (yeddi min dörd yüz on beş) manat 43 (qırx üç) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-76/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-76/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver