Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-782/2024 17.12.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icratı qaydasında Cavabdeh qarşı "kredit borcunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 8185,66 manat əsas, 459,61 manat faiz, 1024,13 manat cərimə olmaqla, cəmi 9669,40 manat borcun və ödənilmiş 116,70 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı Bankla cavabdeh arasında bağlanmış 27 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 14% dərəcəsi ilə 11500 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit məbləğini faizlərlə birlikdə ödəniş cədvəlinə əsasən müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürsə də, kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə borc öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Nəticədə, cavabdehin iddiaçı Banka cəmi 9669,40 manat borcu yaranmışdır. Cavabdehə bu barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və bu günədək borcu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, 27 yanvar 2023-cü il tarixli, NZNPU-08331 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC Cavabdeh 36 ay müddətinə, illik 14 faiz ödəmək şərti ilə 11500 manat məbləğində kredit vermişdir. İşdə olan "xxxx" ASC-nin 21 iyun 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, həmin tarixə Cavabdehnın sözügedən müqavilə üzrə "xxxx" ASC-yə 8185,66 manat əsas, 459,61 manat faiz, 1024,13 manat cərimə olmaqla, cəmi 9669,40 manat borcu vardır. İşdə olan 21 iyun 2024-cü il tarixli bildiriş məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 oktyabr 2024-cü il tarixli, 9/7080 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, eləcə də, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən 27 yanvar 2023-cü il tarixli, NZNPU-08331 nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdehnın "xxxx" ASC-yə olan kredit borcu əsas məbləğ üzrə 8152,36 manat, faiz üzrə 383,61 manat olmaqla, cəmi 8535,98 manat həcmində müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 21 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 117 (bir yüz on yeddi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri 27 yanvar 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə, iddiaçının "kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbini qismən əsaslı hesab edir. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının cəmi 8152,36 manat olan əsas kredit borcu üzrə 1024,13 manat dəbbə pulu hesablaması ədalətli deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 1024,13 manat məbləğində hesablanmış dəbbə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 27 yanvar 2023cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 14% dərəcəsi ilə 11500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə tam əməl edilmiş və həmin müqaviləyə əsasən iddiaçı müvafiq kredit məbləğini cavabdehin istifadəsinə ayırmışdır. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə, kredit üzrə 8152,36 manat əsas, 383,61 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 8635,97 manat borcu yaranmışdır. Cavabdeh borclu kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, edilən xəbərdarlıqlara məhəl qoymamış, iddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş və bankın vəsaitindən qanunsuz istifadə etməklə sonuncuya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8152,36 manat əsas, 383,61 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 8635,97 manat borc və ödənilmiş 116,70 manat məbləğində dövlət rüsumunun 89,31 %-i, yəni 104,22 manatı tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 10,69 %-i, yəni 10,69 manatı iddiaçı "xxxx" ASC-dən, 89,31 %-i, yəni 89,31 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 8152,36 manat əsas, 383,61 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 8635,97 (səkkiz min altı yüz otuz beş manat doxsan yeddi qəpik) manat borc və ödənilmiş 116,70 manat məbləğində dövlət rüsumunun 89,31 %-i, yəni 104,22 (bir yüz dörd manat iyirmi iki qəpik) manatı tutularaq ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 10,69 %-i, yəni 10,69 manatı iddiaçı "xxxx" ASC-dən, 89,31 %-i, yəni 89,31 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-782/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-782/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver