Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-90/2025 06.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 8417,51 manat məbləğində əsas borcun, 1264,5 manat məbləğində faiz borcunun, 207,48 manat məbləğində cərimə borcunun, cəmi 9889,49 manat borcun və 121 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 23 iyun 2023cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərib, ərizədə məhkəmə proseslərinin çox olması ilə əlaqədar olaraq qeyd olunan iclasda iştiraklarının təmin olunmasının qeyri-mümkün olduğunu, cavabdehlə heç bir razılığa gələ bilmədiklərini və tərəfin hələ də müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayındığını göstərmiş, qeyd olunanları nəzərə almağı, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və mülki iş üzrə hazırlıq mərhələsində təqdim etdikləri mümkün və mötəbər sübutlar əsasında iddia tələblərinin tam təmin olunması üzrə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan 23 iyun 2023-cü il tarixli, CC/34560/92/22 nömrəli kredit sazişindən görünür ki, tərəflər arasında bağlanmış kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 10000 manat kredit verilmiş, həmçinin, cavabdeh, İddiaçı ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə tanış olmuşdur. İşdə olan 26 avqust 2024-cü il tarxili arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 iyun 2023-cü il tarixli müqaviləyə əsasən iddiaçıya 8417,51 manat əsas, 1264,5 manat faiz və 207,48 manat məbləğində cərimə borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 26 avqust 2024-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildiriş göndərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatdadır. Ucar Rayon Məhkəməsinin hazırkı iş üzrə e-2(063)-1123/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 9/10505 nömrəli, 21 yanvar 2025-ci tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 23 iyun 2023-cü il tarixli, CC/34560/92/22 nömrəli kredit sazişi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi əsas borcu üzrə 8416,69 manat, faiz borcu üzrə 1223,73 manat müəyyən olunur. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər azad surətdə və şərtlərini müəyyənləşdirməklə kredit sazişi (bu saziş iddiaçının müştərilərinə kreditləşmə və xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir) bağlamışlar, müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İş materialları ilə müəyyən olunur ki, borclucavabdeh kreditor-iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə, bu nəticəyə gəlir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, buna görə də kreditorun-iddiaçının borcludancavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 8416,69 manat, faiz borcuna görə 1223,73 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat, cəmi 9761,42 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməli, habelə mülki prosessual qanunvericiliyin qeyd olunan tələbi nəzərə alınmaqla mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 8416 (səkkiz min dörd yüz on altı) manat 69 (altmış doqquz) qəpik, faiz borcuna görə 1223 (bir min iki yüz iyirmi üç) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumuna görə 121 (bir yüz iyirmi bir) manat, cəmi 9761 (doqquz min yeddi yüz altmış bir) manat 42 (qırx iki) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-90/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-90/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver