Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-943/2025 04.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia icraatı qaydasında Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 24508,78 manat əsas borcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin, eləcə də, ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 fevral 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra, cavabdeh 31 may 2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, həmçinin onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin, cavabdeh 12 iyul 2024-cü il tarixdə işdən azad edilmişdir. Belə ki, Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu mənada, 21 iyun 2024-cü il tarixdə “Oba Bayıl 4” mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmçinin həmin tarixdə aparılmış "İnventarizasiya nəticələrinə" dair aktlara əsasən yekun ziyan məbləğinin cəmi 28470,26 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmişdir. Bununla da, Cavabdeh qalıq borcu 24508,78 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, habelə iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edib, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməklə izahatında göstərdi ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, aradan 1 ildən çox müddət keçməsinə baxmayaraq, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət olunmamışdır. Odur ki, iddiaçı müqavilədən irəli gələn iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 11 fevral 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin, eyni tarixli, 86/İQ nömrəli əmrin çıxarışının, eləcə də həmin tarixli əmək müqaviləsinin surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 31 may 2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və eyni tarixli, 246 nömrəli əmrin çıxarışının surətlərindən görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmiş, həmçinin o, işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qoruyub, saxlamağı, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 21 iyun 2024-cü il tarixli, 1255 saylı əmrin surətindən və 08 iyul 2024-cü il tarixli “Oba Bayıl 4” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, həmin tarixdə müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 28470,26 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 01 avqust 2024-cü il tarixli imtina aktının surətindən görünür ki, 21 iyun 2024-cü il tarixdə keçirilmiş inventarizasiya zamanı maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırmasında iştirak etmək üçün dəvət olunsa da iştirak etməmiş, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əskik gəlmələrin (28470,26 manat) yaranması səbəbləri barədə izahat verməmişdir. İşdə olan 12 iyul 2024-cü il tarixli, 64-x nömrəli əmrdən çıxarışın, eləcə də eyni tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə görə xitam verilmişdir. İşdə olan 23 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə əlaqədar inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 28470,26 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 24508,78 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 23 yanvar 2025-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 24508,78 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlığın surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, "xxxx" MMC ilkin mediasiya qurumuna müraciət edən zaman 60 manat məbləğində mediasiya xərci, məhkəməyə müraciət edərkən isə 114 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 11 fevral 2021-ci il tarixli əmək müqaviləsi əsasında əmək münasibətləri başlamış və eyni zamanda, işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır ki, həmin müqavilə cavabdehi işəgötürən qarşısında etibar edilmiş maddi sərvətləri qorumaq, saxlamaq və görüləcək işi layiqincə yerinə yetirmək kimi öhdəliklərlə məsul etmişdir. Tərəflər arasında yaranmış mübahisənin əsası isə 21 iyun 2024-cü il tarixdə “Oba Bayıl 4” filialında keçirilmiş inventarizasiya zamanı 28470,26 manat zərərin aşkar edilməsi olmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə, məhkəmə iclası zamanı işəgötürənin hüququnun pozuntusunu bildiyi andan 1 ildən çox müddət keçməsindən sonra məhkəməyə müraciət etdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında formalaşmış mübahisəni əmək mübahisələrinin növlərinə münasibətdə mübahisə edən subyektlərə görə yaranmış mübahisəyə aid etmək olar. Ümumiyyətlə əmək mübahisələrinin yaranmasının səbəb və şərtləri mövcuddur ki, bu da məhz tərəflər arasında yaranmış mübahisənin özülünü təşkil edir. Beləliklə, əmək münasibətlərində yaranmış mübahisənin səbəblərini də iki kateqoriyaya, yəni, obyektiv və subyektiv səbələrə bölmək olar ki, hazırkı mübahisədə yaranmış səbəb məhz subyektiv kateqoriyanı (subyektiv səbəb obyektiv qanunauyğun xarakterinə malik olmayan, daha çox ayrı-ayrı subyektlərin fəaliyyətindəki çatışmazlıq və səhvlərlə müəyyən olunan ziddiyyətlərə aiddir) özündə ehtiva edir. Hazırkı halda prosessual qənaət prinsipi rəhbər tutulmaqla tərəflər arasında formalaşmış münasibətlər hüquqi müstəvidə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsinin əsaslılığı və qanuniliyinin araşdırılması fonunda öz əksini tapmalıdır. Beləliklə, işin araşdırılan, eləcə də, iddia tərəfinin təqdim etdiyi sənədlərindən görünür ki, iddiaçı MMC ilə cavabdeh arasında əmək münasibətləri 11 fevral 2021-ci il tarixdə yaranmış, 12 iyul 2024-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, qanunvericilik işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Belə ki, əmək qanunvericiliyi iddia müddətinin axımının başlanmasını işəgötürənə maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar edildiyi gündən müəyyən etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları, iddiaçının təqdim etdiyi sənədlər və eləcə də, iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin aşkar edilməsi məhz 21 iyun 2024-cü il tarixdə, “Oba Bayıl 4” filialında keçirilmiş inventarizasiya zamanı 28470,26 manat zərərin müyyən edilməsi olmuşdur (bu hallar iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapır). Beləliklə, məhkəmə hesab edir ki, 21 iyun 2024-cü il tarixdən (zərərin aşkar edildiyi vaxtdan) 07 iyul 2025-ci il tarixədək, yəni iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək 1 ildən artıq müddət ötmüşdür. Bu hal isə iddianın təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair (sözügedən norma ilə bağlı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarında da qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmçinin sözügedən qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə Cavabdeh arasında olan mübahisəyə əmək qanunvericilikdə (Əmək Məcəllənin 296-cı maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məhkəmə xərci İddiaçı MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı "vurulmuş zərərin əvəzinin tutulması" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat məhkəmə xərci İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-943/2025
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-943/2025
04.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver