Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-944/2025 11.08.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alimentin məbləğinin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsinin təmin edilməsi, 11 avqust 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manatın borclu Cavabdeh alınaraq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmidir. Tələbini onunla əsaslandırmışdır ki, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu tarixli, 2(063)-640/2019 saylı qətnaməsi ilə onun cavabdeh ilə faktiki nikahından olan 11 avqust 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 136 manat 60 qəpik alimentin miqdarı artırılaraq hər ay üçün 160 manat müəyyən edilmiş, Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda Ucar Rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment, 160 manat məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ bir məktəbli uşağın tədris ləvazimatlarının alınmasına, geyim, çanta, iş dəftəri, həmçinin uşağın saxlanılması xərclərinə yetmir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox ağır gəlir. Cavabdeh, sonuncu qətnamə ilə ona 160 manat məbləğində aliment ödənişindən başqa ödəniş etmir, maddi heç bir köməklik göstərmir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən 11 avqust 2013-cü ildə anadan olmuş X2 minimal aylıq xərclərinin ödənilməsi üçün minimal 246 manat aliment müəyyən edilməklə, alimentin ümumi məbləğinin artırılaraq 246 manat müəyyən edilməsi və cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. İddiaçı məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərib ərizədə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasının mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, maddi cəhətdən imkanı yoxdur, heç yerdə işləmir, Ramildən başqa əlavə olaraq himayəsində iki uşağı da var. Məhkəmə, iddiaçının müraciətini nəzərə alaraq və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(063)-640/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması barədə iddiası qismən təmin edilmiş, 11 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli, 2(012)-6176/2017 nömrəli qətnaməsinə əsasən hər ay sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat 60 (altmış) qəpik alimentin miqdarı artırılaraq hər ay üçün 160 (bir yüz altmış) manat müəyyən edilməsi və həmin miqdarda alimentin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub 11 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası isə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləşdirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblərinin və ərizələrin təmin edilməsinə yol vermir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli, iddiaçının iddiasının mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və İddiaçı alimentin indeksasiyası barədə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrinə əsasən) ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin: 261.0.1-ci mаddəsinə əsаsən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hаkim iş üzrə icrааtа хitаm verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmaması əsası ilə xitam verilsin. İddiaçı iddiasının mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınsın və İddiaçı alimentin indeksasiyası barədə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrinə əsasən) ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-944/2025
Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-944/2025
11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver