Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-948/2024 03.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6041,88 manat məbləğində krеdit bоrcu, 588,46 manat məbləğində faiz bоrcu və 143,27 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6773,61 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 87,74 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə 12 dekabr 2022-ci il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667 faiz оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 26 dekabr 2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1958,12 manat ödəniş etmiş və onun iddiaçıya 6041,88 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12 iyul 2024-cü il tarixə 199 gün üçün hesablanmış faiz borcu 588,46 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,5 faiz məbləğində cərimə ödəməlidir. 12 iyul 2024-cü il tarixə 199 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 143,27 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlamışdır və ona 8000 manat kredit verilmişdir, əvvəllər kredit və faiz borcunu vaxtında ödəsə də sonradan işdən çıxdığına görə qrafik üzrə borcunu ödəyə bilməmişdir. Borcu ödəməkdən imtina etmir, birdəfəlik ödəməyə imkanı yoxdur, odur ki, hissə-hissə ödəməyə razıdır. Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanın bağlı olması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Cavabdeh2 istifadəsində olan mobil telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə “Elektron Məhkəmə İnformasiya” sistemi vasitəsi ilə “sms xəbərdarlığı barədə” bildiriş göndərilsə də və mesajın statusunda “çatdırıldı” göstərilsə də məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 12 dekabr 2022-ci il tarixli ərizədən (müştəri kodu **********) görünür ki, bank-iddiaçı ümumi məbləği 8000 manat olan krediti 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə (FİFD 20 faiz) Cavabdeh1-müştəriyə vermişdir. İşdə olan 12 dekabr 2022-ci il tarixli, 002G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin, borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan iddiaçının 12 iyul 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müştərisi olan Cavabdeh1 002A********** saylı, 12 dekabr 2022-ci il tarixli kredit razılaşması üzrə 12 iyul 2024-cü il tarixinə olan borcu-əsas məbləğ üzrə borcu 6041,88 manat, faiz üzrə borcu 588,46 manat, cərimə borcu 143,27 manat, cəmi 6773,61 manat təşkil edir. İşdə olan 16 fevral 2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlarda 26 may 2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuşdur. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Qusar şəhəri, Q.Əliyev küçəsi, ev 47-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi bağlanmış və Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan-Cavabdeh1 vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlamaqla borclu-Cavabdeh1 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və mülki qanunvericiliyin tələbinə görə borc alanla birlikdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borca görə 6041,88 manat, faiz borcuna görə 588,46 manat, cəriməyə (dəbbə puluna) görə 143,27 manat, ödənilmiş dövlət rüsumuna görə 87,74 manat olmaqla, cəmi 6861,35 manat məbləğində borc tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 6041 (altı min qırx bir) manat 88 (səksən səkkiz) qəpik, faiz borcuna görə 588 (beş yüz səksən səkkiz) manat 46 (qırx altı) qəpik, cəriməyə (dəbbə puluna) görə 143 (bir yüz qırx üç) manat 27 (iyirmi yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 87 (səksən yeddi) manat 74 (yetmiş dörd) qəpik, cəmi 6861 (altı min səkkiz yüz altmış bir) manat 35 (otuz beş) qəpik məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-948/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-948/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver