Məhkəmə qərarları › İş №e-2(063)-976/2024

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-976/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-976/2024 24.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6414,46 manat, faiz borcuna görə 481,76 manat, cəmi 6896,22 manat məbləğində pulun və 88,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Sumqayıt filialı ilə cavabdeh arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsinə əsasən illik 18 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 6700 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri). 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan-cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dən gec olmayaraq hər ay 242,23 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdehin 22 dekabr 2023cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6414,46 manat, faiz borcuna görə 481,76 manat, borcun cəmi məbləği 6896,22 manat təşkil edir. Qeyd olunanlara əsasən kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehdən 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6414,46 manat, faiz borcuna görə 481,76 manat, cəmi 6896,22 manat pul tutulmalıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib təyin edilmiş mülki işə iştirakları olmadan baxmağı və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə qeydiyyatda olduğu yer üzrə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmışdır. Məhkəmə bildirişi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən ünvan sahibinə-cavabdehə təqdim edilməsi üçün qeydiyyatda olduğu yer üzrə yerli icra hakimiyyəti orqanına verilmişdir. İşdə olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 oktyabr 2024-cü il tarixli, 5-80-21/2- 486/2024 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Yuxarı Şilyan kənd sakini Cavabdeh Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatda olmasına baxmayaraq uzun müddətdir ailə üzvləri ilə birlikdə Ucar şəhərində yaşayır. Həmçinin, cavabdehə istifadəsində olan mobil telefon nömrəsinə “Elektron Məhkəmə İnformasiya” sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə “sms xəbərdarlığı barədə” bildiriş göndərilməsinə (mesajın statusunda “çatdırıldı” göstərilmişdir) baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı nömrəli nağd pul kreditin götürülməsinə dair əsas şərtlərdən-razılaşmadan görünür ki, cavabdehə 36 ay müddətinə 18 faiz dərəcəsi ilə 6700 manat kredit verilmişdir. İşdə olan 30 iyul 2024-cü il tarixli, RB-02/PK-3256 nömrəli arayışdan görünür ki, cavabdehin iddiaçıya 22 dekabr 2023-cü il tarixli, SUNPU-08052 saylı müqaviləsi üzrə 26 iyul 2024-cü il tarixinə əsas borcu 6414,46 manat, faiz borcu 481,76 manat, cəmi 6896,22 manat təşkil edir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 29 iyul 2024-cü il tarixli bildirişdə 3 iş günü müddətində göstərilən məbləğin ödənilməsi xahiş olunmuş, əks təqdirdə müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanuna müvafiq tədbirlər görüləcəyi göstərilmişdir. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Yuxarı Şilyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə razılaşma bağlanmış və cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, razılaşmanın şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı və qanunauyğun olduğundan təmin edilməli, cavabdehdən əsas borca görə 6414,46 manat, faiz borcuna görə 481,76 manat və ödənilmiş dövlət rüsumuna görə 88,97 manat, cəmi 6985,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 6414 (altı min dörd yüz on dörd) manat 46 (qırx altı) qəpik, faiz borcuna görə 481 (dörd yüz səksən bir) manat 76 (yetmiş altı) qəpik və ödənilmiş dövlət rüsumuna görə 88 (səksən səkkiz) manat 97 (doxsan yeddi) qəpik, cəmi 6985 (altı min doqquz yüz səksən beş) manat 19 (on doqquz) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar