Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-985/2024 14.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1 və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X3-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 4741 manat, faiz borcuna görə 1591,54 manat, cərimə borcuna görə 240,78 manat, cəmi 6573,32 manat məbləğində borcun və 85,74 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli, **********0993 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərüffatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 235 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutlmuşdur. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 21 iyun 2024-cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 əsas borc üzrə 4741 manat, faiz borcuna görə 1591,54 manat, cərimə borcuna görə 240,78 manat, cəmi 6573,32 manat təşkil edir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərib ərizədə məhkəmə prosesində nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onların iştirakları olmadan mahiyyəti üzrə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə kredit müqaviləsi bağlamış və qrafik üzrə hər ay borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin yaxın qohumlarının xəstəliyi ilə bağlı qrafik üzrə borcunu ödəyə bilməmişdir. Borcunu ödəməkdən imtina etmir və hissə-hissə ödənilməsini təmin edəcəkdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə zaminlik müqaviləsi bağlamışdır və zamin kimi üzərinə öhdəlik götürmüşdür, məsuliyyətini də dərk edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin müraciətini nəzərə alaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatlarını dinləyərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan 12 oktyabr 2023-cü il tarixli, **********0993 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh-Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verən-iddiaçı kredit alana-Cavabdeh3 illik 26 faiz dərəcəsi ilə 30 ay müddətinə 5100 manat məbləğində kredit vermişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş **********593174 saylı kredit kartında kredit alana təqdim edilmişdir. İşdə olan 12 oktyabr 2023-cü il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan 12 oktyabr 2023-cü il tarixli, **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, tərəflər razılaşırlar ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan, kredit verən qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan 21 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 iddiaçıya 4741 manat əsas, 1591,54 manat faiz, 240,78 manat cərimə, cəmi 6573,32 manat borcu vardır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh3, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh2, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. İşdə olan şəxsin-cavabdehin fərdi məlumatlarından görünür ki, Cavabdeh1, Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit müqaviləsi və kredit müqaviləsinin təminatı olaraq zaminlik müqavilələri bağlanmış və Cavabdeh3 iddiaçı qarşısında öz öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, bununla da iddiaçı öz qanunla qorunan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçı ilə kredit müqaviləsi bağladığından borclu kimi onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, iddiaçının da kreditor kimi borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə zaminlik müqavilələri bağlamaqla borclunun-Cavabdeh3 kreditor-iddiaçı qarşısında olan öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər və mülki qanunvericiliyin tələbinə görə borclu Cavabdeh3 ilə birlikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlərdən müştərək qaydada əsas borca görə 4741 manat, faiz borcuna görə 1591,54 manat, cəriməyə (dəbbə puluna) görə 240,78 manat və ödənilmiş dövlət rüsumuna görə 85,74 manat olmaqla, cəmi 6659,06 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 4741 (dörd min yeddi yüz qırx bir) manat, faiz borcuna görə 1591 (bir min beş yüz doxsan bir) manat 54 (əlli dörd) qəpik, cəriməyə (dəbbə puluna) görə 240 (iki yüz qırx) manat 78 (yetmiş səkkiz) qəpik və ödənilmiş dövlət rüsumuna görə 85 (səksən beş) manat 74 (yetmiş dörd) qəpik, cəmi 6659 (altı min altı yüz əlli doqquz) manat 6 (altı) qəpik məbləğində pul tutularaq İddiaçı X3-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №e-2(063)-985/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-985/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver