Məhkəmə qərarları › İş №e-2(064)-1015/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1015/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1015/2023 21.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 23 iyul 2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış 1466,96 ABŞ dolları əsas, 717,81 ABŞ dolları faiz, 2670,86 ABŞ dolları cərimə və müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 209,40 ABŞ dolları faiz borcuna görə cəmi 5065,03 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 106,11 manat məbləğində pulun müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Cavabdeh1 aralarında bağlanmış 23 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 30 faizlə, 6370 ABŞ dolları məbləğində pulu kreditlə vermiş, borcun təminatı olaraq həmin tarixdə "xxxx" ASC digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlamışdır. 23 iyul 2014-cü il tarixli kredit müqaviləsinə dair 17 mart 2015-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği 4950,71 ABŞ dolları təşkil etmiş, kreditin ödənilmə müddəti 17 may 2017-ci il tarixədək uzadılmışdır. 23 iyul 2014-cü il tarixli kredit müqaviləsinə dair 16 iyul 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən Cavabdeh1 kredit öhdəliyinin qalığı 6027,1 ABŞ dolları təşkil etmiş, kreditin ödənilmə müddəti 16 may 2020-ci il tarixədək uzadılmışdır. Həmin məbləğin tərkibini 3735,12 ABŞ dolları əsas, 1677,35 ABŞ dolları faiz və 614,63 ABŞ dolları cərimə borcu təşkil edir. Cavabdeh2la bağlanmış 23 iyul 2014-cü il tarixli zaminlik müqaviləsinin müddəti 17 mart 2015 və 16 may 2017-ci il tarixli əlavə sazişlərə əsasən müvafiq olaraq 17 may 2017 və 16 may 2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 23 iyul 2014-cü il tarixli müqavilə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində cavabdehlərin iddiaçıya 1466,96 ABŞ dolları əsas, 717,81 ABŞ dolları faiz, 2670,86 ABŞ dolları cərimə və müqavilə müddətinin bitməsindən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 209,40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5065,03 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər iddiaçıya həmin borcu ödəməmişlər. Bundan əlavə, iddiaçı dövlət rüsumuna görə 106,11 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatında və yazılı ərizəsində iddia tələbini onun iddiaçıya olan borcunun 2493,83 manat məbləğində olması hissəsində etiraf etdiyini və iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini göstərmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsi və cavadeh Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli kredit müqaviləsi, ona dair 17 may 2017 və 16 may 2020-ci il tarixli əlavə sazişlər, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi, ona dair 17 may 2017 və 16 may 2020-ci il tarixli əlavə sazişlər, onlara əlavə edilmiş ödəniş cədvəlləri əsasında həmin müqavilələr üzrə işin faktiki hallarının cavabdehlərin ödəməli olduqları borc məbləğinin həcmi istisna olmaqla, digər hissələrdə iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş həmin faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddiaçı ona cavabdehlərin borcunun 23 iyul 2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə cəmi 5065,03 ABŞ dolları məbləğində olduğunu iddia etsə də, məhkəmə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından hazırki iş üzrə əldə edilib mülki işin materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair məlumat əsasında müəyyən etmişdir ki, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya 01 mart 2019-cu il tarixə olan borcu 5831,41 manat olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə həmin borcun 3337,58 manat hissəsi kompensasiya edilməklə azaldılmış, nəticədə Cavabdeh1 iddiaçıya olan borcunun 2493,83 manat təşkil etməsinə görə həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə, həmçinin iş materiallarında olan, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 23 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi, ona dair 17 may 2017 və 16 may 2020-ci il tarixli əlavə sazişlər əsasında həmin müqaviləni bağlamış Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 göstərilən kredit müqaviləsi üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü müəyyən edir. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi 106,11 manat məbləğində pul ödəmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən, yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 23 iyul 2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış borca görə 2493,83 manat və ödənilmiş dövlət rüsumuna görə 106,11 manat olmaqla, cəmi 2599,94 manat məbləğində pul müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 iyul 2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış borca görə 2493,83 manat və ödənilmiş dövlət rüsumuna görə 106,11 manat olmaqla, cəmi 2599,94 manat məbləğində pul müştərək qaydada tutulub iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar