Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1016/2023 28.09.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun ödənilməsi” barədə verdiyi iddia ərizəsinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1584,26 ABŞ dolları əsas, 693,14 ABŞ dolları faiz, 2153,50 ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 230,12 ABŞ dolları faiz borcuna görə cəmi 4661,02 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 99,24 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə aralarında bağlanmış kredit kartının verilməsi və istifadə edilməsi haqqında 01 oktyabr 2014-cü il tarixli müqaviləyə əsasən “Visa Gold” tipli plastik kartın hesabına 12 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2600 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Tərəflər arasında bağlanmış 18 may 2017-ci il tarixli əlavə sazişə əsasən əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadə üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş və cavabdehin əsas müqavilə üzrə yaranmış 2505,92 ABŞ dolları məbləğində olan borcu kreditə çevrilmiş, illik 8 faiz olmaqla kreditin müddəti 18 may 2020-ci il tarixədək uzadılmışdır. Cavabdehin həmin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində iddiaçıya 1584,26 ABŞ dolları əsas, 693,14 ABŞ dolları faiz, 2153,50 ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 230,12 ABŞ dolları faiz borcu yaranmışdır. Bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya həmin borcunu ödəməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 99,24 manat məbləğində pul ödəmişdir. Məhkəmə iclasında cavabdeh verdiyi izahatında və yazılı ərizəsində iddia tələbini onun cavabdehə olan borcunun 2693,24 manat məbləğində olması hissəsində etiraf etdiyini və iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiyini göstərmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizələrində iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə buna görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş kredit kartının verilməsi və istifadə edilməsi haqqında 01 oktyabr 2014-cü il tarixli müqavilə, həmin müqaviləyə 18 may 2017-ci il tarixli əlavə saziş, ona edilmiş əlavə əsasında həmin müqavilələr üzrə işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş müvafiq faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İddiaçı cavabdehin 01 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 4661,02 ABŞ dolları məbləğində olduğunu iddia etsə də, məhkəmə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından hazırki iş üzrə əldə edilib mülki işin materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş “Problemli kreditlərin kompensasiyası”na dair məlumat əsasında müəyyən etmişdir ki, həmin müqavilə üzrə cavabdehin iddiaçıya 01 mart 2019-cu il tarixə olan borcu 4141,88 manat olmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədi ilə həmin borcun 1448,64 manat hissəsi kompensasiya edilməklə azaldılmış, nəticədə cavabdehin iddiaçıya olan borcunun 2693,24 manat təşkil etməsinə görə həmin məbləğin restrukturizasiya olunması təklif olunmuşdur. Məhkəmə, həmçinin iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzi əsasında müəyyən etmişdir ki, iddiaçı iş üzrə dövlət rüsumuna görə cəmi 99,24 manat məbləğində pul ödəmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə bir-biri ilə qarşılıqlı əlaqə təşkil edən, yuxarıda göstərilən işin müəyyən edilmiş faktiki hallarına və qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 01 oktyabr 2014-cü il tarixli kredit müqavilsi üzrə yaranmış borca görə 2693,24 manat və ödənilmiş dövlət rüsumuna görə 99,24 manat olmaqla, cəmi 2792,48 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2693,24 manat borc və ödənilmiş dövlət rüsumuna görə 99,24 manat olmaqla, cəmi 2792,48 manat məbləğində pul tutulub iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(064)-1016/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1016/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver