Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-103/2025 03.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən İddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat məbləğində kredit borcunun və ödənilmiş 68,85 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli Kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 4700 manat məbləğində nəğd kredit verilmişdir. X1 xx.xx.2023-cü tarixdə vəfat etmişdir. Füzuli rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 147 nömrəli məktub əsasında müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat borcu qalmışdır. Cavabdeh, mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və ərizəsini onunla əsaslandırmışdır ki, həqiqətən, ona xx.xx.2024-cü il tarixli, 2V-8 reyestr nömrəli vərəsəlik hüququ şəhadətnaməsi verilmişdir. Lakin ona mərhum X2 miras olaraq heç bir əmlak qalmamışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, BPM**********93 nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə illik 20% dərəcəsi ilə 4700 manat kredit verilmişdir. - Ölüm haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, X5 xx.xx.2023-cü tarixdə vəfat etmişdir. - Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3848,5 manat əsas, 999,79 manat faiz və 0,03 manat cərimə borcu olmaqla, cəmi 4848,32 manat borcu mövcud olmuşdur. - xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi qardaşı Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ... Füzuli Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli məktubuna əsasən 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 3 aylıq 1434 manat kompensasiyadan ibarətdir. - xx.xx.2024-cü il tarixli kredit borcunun ödənilməsinə dair bildirişin və xəbərnamənin surət əsasında müəyyən olunur ki, İddiaçı Cavabdehi yaranmış vəziyyətlə bağlı məlumatlandırmış və kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam icra etməsiyi təqdirdə 3 gün ərzində məhkəməyə müraciət olunacağını bildirmişdir. - xx.xx.2023-cü il tarixli cavab məktubu əsasında müəyyən olunur ki, mərhum X3 "xxxx" ASC-də olan bank və kart hesablarında heç bir vəsait aşkarlanmamışdır. - Füzuli Rayon İHB-nın 1 saylı Qayıdış Qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayış əsasında müəyyən olunur ki, Cavabdeh mərhum bacısı X2 heç bir mal-qara və mülk qalmamışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə müvafiq olaraq kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Müki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, Məhkəmə iş materialları əsasında müəyyən edir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi kimi qardaşı Cavabdeh təyin olunmuşdur və miras əmlak Füzuli Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 nömrəli məktuba əsasən 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 1434 manat kompensasiya olmaqla cəmi 2431,46 manatdan ibarətdir. Odur ki, Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh (miras qoyanın öhdəlikləri üzrə qəbul etdiyi miras əmlakdakı payına mütənasib surətdə) 2431,46 manat borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinin tələbindən də aydın olur ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmçinin qanunvericilik Mülki Məcəllənin 1307-ci maddəsilə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini vərəsənin üzərinə qoyur. Göründüyü kimi, cavabdeh vərəsə müvafiq arayışlar təqdim etməklə, eyni zamanda məhkəmə iclası zamanı verdiyi izahatında da bildirmişdir ki, mərhumə bacısı X2 ona heç bir daşınar və daşınmaz əmlak qalmamışdır. Notariat ofisi tərəfindən aparılmış sorğular əsasında da müəyyən olunur ki, vərəsəlik şəhadətnaməsində göstərilən miras əmlakdan savayı miras qoyandan heç bir miras əmlak qalmamışdır. Həmçinin cavabdehin vəsatəti əsasında Məhkəmə tərəfindən “Elektron məhkəmə informasiya” sistemi üzərindən sorğu edilmiş, həmin sorğuya əsasən də mərhumə X4 aid heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, Cavabdeh mərhumə X3 kreditoru hesab olunan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında yalnız əldə etdiyi miras, yəni 72 günlük ödənilməmiş məzuniyyət olaraq 997,46 manat və 1434 manat kompensasiya olmaqla cəmi 2431,46 manat həddində məsuliyyət daşımalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2431,46 manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-103/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-103/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver