Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1049/2025 04.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9010,37 ABŞ dolları əsas, 2679,17 ABŞ dolları faiz, 6131,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1333,75 ABŞ dolları faiz borcu, cəmi 19155,08 ABŞ dolları borc və iş üzrə ödənilmiş 187,69 manat dövlət rüsumunun əvəzi tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-470002760 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 88/15 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 11297 (on bir min iki yüz doxsan yeddi) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 14733,63 (on dörd min yeddi yüz otuz üç dollar, 63 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1kredit üzrə cəmi borcu 19155,08 (on doqquz min yüz əlli beş dollar, 08 sent) ABŞ dolları təşkil edir. Bundan 9010,37 ABŞ dolları əsas, 2679,17 ABŞ dolları faiz, 6131,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1333,75 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, maddi imkanı zəif olduğu üçün borcunu tam ödəyə bilməmiş, o, borcunu hissə-hissə ödəyəcək. O, həmçinin məhkəmədən cərimə borcunun azadılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə Cavabdeh1 izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Beyləqan” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana, 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 12700 ABŞ dolları kredit verilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Beyləqan” filialı ilə Cavabdeh2 arasında bağlanmış 470002760/ZM nömrəli xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. -Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 11297 ABŞ dolları hesablanmışdır. kreditin müddəti xx.xx.2018-ci tarixədək uzadılmışdır. -Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 2 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 14733,63 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2025-cü il tarixə 9010,37 ABŞ dolları əsas, 2679,17 ABŞ dolları faiz, 6131,79 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1333,75 ABŞ dolları faiz borcu, cəmi 19155,08 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin Beyləqan filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 26% dərəcəsi ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-470002760 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 11297 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 2 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 14733,63 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə zamin Cavabdeh2 Məhiəddin oğluna münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 6131,79 ABŞ dolları məbləğində deyil, 400 ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 9010,37 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 1 ABŞ dolları 1,4 manat hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edilməli, Cavabdeh1 ödənilmiş 187,69 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh1 1 ABŞ dolları 1,40 manat hesablanmaqla 9010,37 ABŞ dolları əsas, 2679,17 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1333,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13423,29 (on üç min dörd yüz iyirmi üç ABŞ dolları iyirmi doqquz sent) və ödənilmiş 187,69 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1 ABŞ dolları 1,40 manat hesablanmaqla 9010,37 ABŞ dolları əsas, 2679,17 ABŞ dolları faiz, 400 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 1333,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13423,29 (on üç min dörd yüz iyirmi üç ABŞ dolları iyirmi doqquz sent) və ödənilmiş 187,69 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1049/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1049/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver