Məhkəmə qərarları › İş №e-2(064)-105/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-105/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-105/2024 28.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada iddiaçının xeyirinə 4.010,17 manat əsas borc, 1.449,36 manat faiz borcu olmaqla, cəmi 5.459,53 manat pulun və 72 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən cavabdehə illik 21 faiz olmaqla 33 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn ohdəliklərin icrası üçün Cavabdeh1 eyni məsuliyyət daşıyır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit sazişinə əsasən cavabdehə illik 21 faiz olmaqla 33 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit sazişinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmişdir. Digər Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn ohdəliklərin icrası üçün Cavabdeh1la eyni məsuliyyət daşımışdır. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışlar. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, kredit borcu 4.010,17 manat əsas borc, 1.449,36 manat faiz borcu olmaqla, cəmi 5.459,53 manat təşkil edir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən 100 manat ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan 100 manat məbləğ tələb olunan faiz borcundan çıxılmalıdır. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, iddia tələbindən görünür ki, iddiaçı 33 ay müddətinə bağlanılmış xx.xx.2020-ci il tarixli kredit sazişinin ləğv edilməsini də tələb etmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd olunan müqavilənin icra müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığından (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur) onun artıq məhkəmə qaydasında ləğv edilməsinə zərurət aradan qalxmışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Həmçinin iddiaçı ərizəsində kredit borcunun digər cavabdeh zamin Cavabdeh2 da tutulmasını tələb etmişdir ki, bu da yolverilməzdir. Belə ki, yuxarıda isnad edilən kredit müqaviləsindən görünür ki, onun icrası vaxtı xx.xx.2022-ci il tarixdə başa çatmış və İddiaçı ASC iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı-kreditor əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində cavabdehzaminə qarşı iddia qaldırmamış və bununla da zaminliyə artıq xitam verilmişdir. Odur ki, məhkəmə iddia tələbini bu hissədə də rədd etmək məcburiyyətində qalır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla yanaşı, AR MPM-in 107 və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə 72 manat dövlət rüsumunun cavabdeh borclu Cavabdeh1 tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 4.010,17 manat əsas borc, 1.349,36 manat faiz borcu olmaqla, cəmi 5.359,53 manat pul və 72 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi digər hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar