Məhkəmə qərarları › İş №e-2(064)-1053/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1053/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1053/2025 28.08.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 4836,42 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18312,20 ABŞ dolları məbləğində pulun və ödənilmiş 183,39 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 470002807/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.322,38 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Zamin(lər) bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh3 xx.xx.2025-ci il tarixli sübutların tələb olunmasına dair vəsatətlə Məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materialları ilə tanış olan zaman İddiaçı tərəfindən öhdəliklərin yaranması üçün ehtimal olunan kredit müqaviləsinin və digər sənədlərin surətləri iş materiallarına əlavə olunsa da, burada öhdəliklərin yaranması üçün əsas hesab edilən ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin əsli, eləcə də kreditin verilməsini təsdiq edən digər rəsmi sənəd (kassa məxaric orderinin əsli) iş materiallarına əlavə edilməmişdir. Belə olan halda, mübahisələndirilən müqavilənin və kassa məxaric orderinin əsli məhkəməyə təqdim edilmədiyinə görə tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən belə bir müqavilənin həqiqətən də bağlanmasını və kreditin alınmasını, həmin kreditin faizlə şərtləndirilməsini, ümumiyyətlə tərəflər arasında hansı öhdəliklərin yaranmasını müəyyən etmək olmur. Bundan başqa, İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlərin surəti hazırkı halda iddia tələbini təmin etmək üçün mötəbər və təkzibolunmaz sübut kimi qəbul oluna bilməz. Odur ki, qeyd olunan sənədlərin əslinin məhkəməyə təqdim olunması zəruridir. İddiaçının nümayəndəsi Məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 465.1-ci maddəsinə görə borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (tərəflər arasında mülki hüquq münasibətləri yaranan zaman qüvvədə olan normativ hüquqi akt). - 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-ci maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. - 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. AR Konstitiusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014cü il tarixli Plenum qərarının nəticə hissəsində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə göstərilən hüquqi aktlara və işin İddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh3 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 28 % dərəcəsi ilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 470002807/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 14.322,38 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh2 və Cavabdeh1 arasında 02 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər bağlanmışdır. Zaminlər bu Əlavə Sazişi imzalamaqla ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərini təsdiq etmişlər. Lakin mülki iş materiallarında olan 470002807/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlər əsasında müəyyən olunur ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşısında olan öhdəliyi xx.xx.2022ci ildə bitir. Lakin İddiaçı öhdəliyin icra müddətinin bitdiyi gündən etibarən 1 il ərzində zaminlər Cavabdeh2 və Cavabdeh1 qarşı tələb irəli sürməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, qanunun tələbinə görə Cavabdeh2 və Cavabdeh1 zaminliyinə xitam verilməli və tələb yalnız Cavabdeh3 yönəldilməlidir. Bununla yanaşı Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Məhkəmə hesab edir ki, İddiaçının tələb etdiyi 4836,42 ABŞ dolları dəbbə pulu 9942,52 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün Cavabdeh3 İddiaçıya ödəmədiyi əsas borc məbləğinin 5 faizinə qədər azaldılaraq 497,13 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə İddiaçının AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına istinad edərək irəli sürdüyü tələbi də əsaslı hesab edərək qeyd edir ki, tələb həmin hissədə Cavabdeh3 münasibətdə təmin olunmalıdır. Məhkəmə Cavabdeh3 sübutların tələb olunmasına dair vəsatəti əsasında xx.xx.2025-ci il tarixli sorğu ilə banka müraciət edərək lazımi sənədlərin Məhkəməyə təqdim edilməsini xahiş etmiş, lakin İddaçı tərəfindən Məhkəməyə bu barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə cavabdeh tərəfindən verilmiş həmin vəsatətə münasibət bildirərək qeyd edir ki, İddiaçı tərəfindən iş materiallarına vəsatətlə tələb olunan sənədlərin surətləri əlavə olunmuşdur və qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti nəzərə alaraq işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı çıxarılması qanuna müvafiqdir. Belə olan halda, Məhkəmə yuxarıda qeyd olunan hüquqi aktlar və İddiaçı tərəfindən mülki iş üzrə təqdim olunmuş sübutlar - ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin, 470002807/ZM nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin, Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərin, xx.xx.2014-cü il tarixli kassa məxaric orderi, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı əsasında belə qənaətə gəlir ki, Cavabdeh3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13972,91 ABŞ dolları tutulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, Məhkəmə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə ödənilmiş 140 manat dövlət rüsumunun əvəzinin də Cavabdeh3 tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) 9942,52 ABŞ dolları əsas, 2074,60 ABŞ dolları faiz, 497,13 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitiusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1458,66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13972,91 ABŞ dolları və ödənilmiş 140 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar