Məhkəmə qərarları › İş №e-2(064)-1075/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1075/2024

25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1075/2024 25.06.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra – cavabdeh) dəymiş maddi zərərə görə 327,75 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumuna görə 30,4 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində **-AC-*** DQN-lı “NİSSAN LATİO MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusu vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. YNH-i barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə Bakı şəhər DYPİ-nın əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nın polis baş leytenantı X1 tərəfindən araşdırılmış və nəticədə Cavabdeh əməllərində İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus zədələnmişdir və təmir olunması üçün 3 (üç) gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009435 saylı Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 327,75 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində **-AC-*** DQN-lı “NİSSAN LATİO MİNİK” markalı avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 327,75 (üç yüz iyirmi yeddi manat, 75 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - xx.xx.2024-cü il tarixdə **-AC-*** DQN-lı “NİSSAN LATİO MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC Procity Avtobus” markalı avtobusu vurması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir (xx.xx.2024-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokolun surəti əsasında); - Yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** DQN-lı avtobusa 327,75 manat maddi zərər dəymişdir (Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009435 saylı Zərər Aktının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası hesab olunur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəni nəzərə alsaq cavabdeh tərəfindən delikt törədildiyindən məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz mülki hüquq pozuntusudur. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 327,75 manat məbləğində pul və 30,4 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,4 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 327,75 manat və ödənilmiş dövlət rüsumuna görə 30,4 manat məbləğində pul alınıb İddiaçı MMC-ya ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar