Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1086/2025 01.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbi”nə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən etibarnamə ilə idarə olunan BMW markalı ** RK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 3610 (üç min altı yüz on) manat maddi zərərin və 60 manat dövlət rüsumu olmaqla, cəmi 3670 (üç min altı yüz yetmiş) manat pulun Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən 09:00 radələrində Binəqədi kəndi, C.Cabbarlı küçəsində Cavabdeh tərəfindən yol vərəqi ilə idarə olunan DAEWOO BS090 avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi geriyə hərəkət edib, sola manevr edərək qabaq sağ hissəsi ilə İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən etibarnamə ilə idarə olunan BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol ön hissəsinə çırpılaraq əzmişdir. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Cavabdeh tərəfindən DAEWOO BS090 avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən etibarnamə ilə BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə olunarkən tərəflərin spirtli içki qəbul etmələri ilə bağlı hər hansı şübhə və tərəflərin sərxoşluqla bağlı hər hansı şikayəti olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən etibarnamə ilə idarə olunan BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3610 (üç min altı yüz on) manata yaxın maddi zərər dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı 102 xidmətinə məlumat verilmiş, Binəqədi rayonu RPİ tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırma aparılmış və DAEWOO BS090 avtobus markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Qeyd olunan hadisə ilə bağlı DAEWOO BS090 avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh barəsində, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul olunmuşdur. Belə olan halda məcbur qalaraq ona dəyən maddi zərərin ödənilməsini məhkəmə qaydasında tələb etməyi qərara almışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, hadisə olan vaxtı "xxxx" MMC şirkətinin 170 saylı avtobus xəttində sürücü vəzifəsində işləyib. xx.xx.2025-ci il tarixində DAEWOO BS090 avtobus markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıyan avtobus ilə törətdiyi avtobusun sahibi "xxxx" MMC şirkətidir. İddiaçılar öz iddialarında onu qeyd etdiyi avtobusun sahibi kimi qeyd ediblər. Dəymiş ziyanın qiymətləndirilməsi onun iştirakı olmadan aparılıb. Dəymiş ziyan şişirdilib. Qeyd edilən yol nəqliyyat hadisəsi zamanı etdiyi nəqliyyat hadisəsinə görə cərimələndiyi 50 manat cəriməni ödəmişdir. Nəqliyyat avtobusu "xxxx" MMC şirkətinə məxsus olduğu üçün iddiaçılar şirkəti məhkəməyə verməli idi. Qeyd etdiyi avtobus nəqliyyat vasitəsi "xxxx" MMC şirkəti tərəfindən sığorta olunmayıb. Həmin zərər onun işlədiyi şirkət tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibi İddiaçı2dur. -Azərbaycan Respublikası sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 və İddiaçı1 sürücülük vəsiqələri vardır. -qəbzdən görünür ki, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 60 manat dövlət rüsumu ödəmişdir. - “X1” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “ilkin qiymətləndirmə aktı”ndan görünür ki, İddiaçı2 məxsus BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 3610 manat təşkil edir. - fotoşəkillərdən görünür ki, BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə zərər dəymişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən BMW markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 3200 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, hesab-faktura 5627 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 200 manat təşkil edir. -xx.xx.2024-cü il tarixli, İXP6760783 saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, DAEWOO BS090 avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. - 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1108.3-ci maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsində zədələnmiş avtomobil iddiaçılardan İddiaçı2 məxsus olmuş, hadisənin törədildiyi zamanda İddiaçı1 etibarnaməli idarəçiliyində olmuşdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri sayır ki, zərərin əvəzini tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən əmlakından məhrum olmuş və ya əmlakı zədələnmiş şəxsə, yəni əmlakın mülkiyyətçisinə aid olduğundan BMW markalı ** RK *** dövlət qeydiyyat nişanlı qvtomobilə dəymiş əvəzinin ödənilməsini tələb etmək hüququ iddiaçılardan yalnız mülkiyyətçi İddiaçı2 aiddir. Digər iddiaçı isə zərərin əvəzini əvəzini tələb etmək hüququ olmadığından onun zərəri özünə ğdənilməsini tələb etmək hüququ yoxdur. Belə ki, ilk növbədə qeyd edilən avtomobil onun etibarnaməli idarəçiliyində olmuş və o, avtomobili mülkiyyətçinin mənafeyinə uyğun idarə etməli olmuşdur. Onun zərərin əvəzini özünə deyil, mülkiyyətçinin xeyrinə tələb etmək hüququ olmuşdur ki, onun həmin hüququna da etibarnamənin qüvvədə olmasının başa çatması ilə əlaqədar xitam verilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri sayır ki, iddiaçı avtomobilə dəymiş 3610 manat maddi zərərin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, tələbinin əsası kimi istinad etdiyi halın təsdiqi üçün “X1” tərəfindən verilmiş zərər aktını təqdim etmişdir. Lakin həmin arayışı vermiş şəxsin dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı xüsusi biliyə malik olması barədə sübutu təqdim etməmişdir. İş üzrə aparılmış qiymətləndirilmə nəticəsində isə avtomobilə dəymiş zərərin miqdarının çox olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının arayışı təqdim etdiyi etdiyi şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasına dair sübutu təqdim etməməsini, eləcə də hazırki iş üzrə qiymətləndirmə aparmış şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasını nəzərə alaraq dəymiş zərərin miqdarını müəyyən edərkən iddiaçının təqdim etdiyi sübutu şübhədən kənar sübut saymır və onu işin həllində mötəbər sübut kimi qəbul etmir və qiymətləndirməni aparmış şəxsin zərərlə bağlı gəldiyi nəticəsini işin hallarına uyğun sayır. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı2 məxsus avtomobili vurması, Cavabdeh inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla (qərarla), cavabdehin polis şöbəsində verdiyi etirafedici izahatı ilə, qiymətləndiricinin rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı2 mülkiyyətindəki əmlakın zədələnməsi ilə əlaqədar vurduğu zərərin əvəzini cavabdehdən tələb etmək hüququ olduğundan Cavabdeh zərərin əvəzi üzrə 3200 manat pul onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə cavabdeh ona əlavə zərər vurmuşdur. Ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyinin verilməsi üçün 200 manat xidmət haqqı cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3200 manat maddi zərər və 60 manat dövlət rüsumu olmaqla, cəmi 3260 manat pul alınaraq İddiaçı2 verilsin. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına VÖENi:**********, İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB******************** Kapital Bank ASC-in Nərimanov filialı Kod:200093 VÖEN: ********** S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1086/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1086/2025
01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver