Məhkəmə qərarları › İş №e-2(064)-1092/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1092/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1092/2024 22.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdeh X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq 1891,7 manat əsas, 213,63 manat faiz, 440,7 manat cərimə borcu olmaqla, ümumilikdə 2546,03 manat borcun və 45,46 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, 20 iyun 2022-ci il tarixli 316207-CNS-36382 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 25,5 faiz hesablanması şərti ilə 25 ay müddətinə 5.000 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehə ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 1.891,70 manat məbləğində əsas borc, 213,63 manat məbləğində faiz borcu, 440,70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2.546,03 manat məbləğində borcu qalmışdır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış 20 iyun 2022-ci il tarixli 316207-CNS-36382 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya istehlak məqsədləri üçün 25 ay müddətinə illik 25,5 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən təqdim olunan maliyyə arayışından müəyyən olunur ki, cavabdehin iddiaçıya 1891,7 manat əsas, 213,63 manat faiz, 440,7 manat cərimə borcu olmaqla ümumilikdə 2546,03 manat borcu vardır. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliklərini yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliklərinə lazımınca əməl etməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 440,7 manat dəbbə pulu 1891,7 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 190 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 45,46 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45,46 manat dövlət rüsumunun 41 manatı iddiaçıya 4,46 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 234 və 284-5-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə 1891,7 manat əsas, 213,63 manat faiz və 190 manat cərimə borcu olmaqla, ümumilikdə, 2295,33 manat borc və 41 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar