Məhkəmə qərarları › İş №e-2(064)-1193/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1193/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1193/2024 25.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması tələbi"nə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********92 nömrəli kredit müqaviləsinə əsasən 1804,22 manat əsas borc, 0,01 manat faiz olmaqla, cəmi 1804,23 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi verilməsi üçün ödənilmiş 38,05 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nəsimi filialı ilə X5 arasında bağlanmış BPM**********92 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X4 illik 20 faizlə 38 ay müddətinə 2500 AZN məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 147941 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2250 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır, ona xx.xx.2021-ci il tarixində və xx.xx.2022-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir və o miras əmlaklardan tam hissədə pay almışdır. Bankın Nəsimi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək banka ödənilməmiş nağd kredit üzrə 1804,22 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 0,01 manat faiz borcu olmaqla, cəmi 1804,23 manat borcu qalmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 38,05 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6- 2-22/2-8577/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda 38,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul edərək bildirmişdir ki, mərhum X5 atasıdır, o, bankdan kredit götürmüşdür. O, atasının qanun üzrə vəsəsidir. Maddi vəziyyəti ilə əlaqədar banka olan borcunu tam ödəyə bilmir, lakin borcunu hissə-hissə ödəyəcəkdir. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdehi dinləyərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki; -iddiaçı "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********92 saylı “kredit müqaviləsi” bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 38 ay müddətinə 2500 AZN məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, cavabdeh krediti və ona hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. -ödəniş cədvəlində əsasən X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı banka hər ay 89,4 borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X3 banka 1804,22 manat əsas və 0,01 manat faiz borcu vardır. -xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2021-ci il tarixində tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən veriliş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri 21 saylı notariat ofisində mərhum X3 adına vərəsəlik işi açılmış və vərəsəsi Cavabdeh olduğu müəyyən edilmiş, ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş, o, miras əmlakdan tam hissədə pay almışdır. -Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən əmlak Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə X4 verilmiş 63 qeydəalma nömrəsi ilə 353 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28,38 kv/m olan qeyri-yaşayış binasından ibarətdir. -Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum X3 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən əmlak "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olan 240 ədəd adi adlı səhmdən ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********92 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən X4 şəxsi məqsədlər üçün illik 20% hesablanması şərti ilə 38 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs X5 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 1804,23 manat məbləğində borcu qalmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və oğlu Cavabdeh vəfat etmiş şəxsin qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Mərhumun oğlu Cavabdeh X3 qanun üzrə vərəsəsi qismində tanınmışdır. Cavabdeh mərhumdan qalmış əmlakı miras kimi qəbul etmişdir. Mərhumun oğlu Cavabdeh atası öldüyü zaman onun mülkiyyətində olmuş daşınar və daşınmaz əmlaka vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə öhdəlik hüquq münasibəti olduğundan və öhdəliyin müqavilə üzrə tərəfi olan borclu müqavilə üzrə vəzifələr yerinə yetirilmədən vəfat etdiyindən, öhdəliyin digər tərəfi olan iddiaçı təşkilat Mülki Məcəllənin 1304, 1146, 1255-ci maddələrinə istinad edərək öhdəliyin borclunun vərəsəsi tərəfindən tam şəkildə icra olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, X5 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X5 öldüyündən, Cavabdeh onun vərəsəsi olduğundan və Cavabdeh miras qalmış əmlak vərəsəlik qaydasında mülkiyyət əldə etdiyindən bununla da, Cavabdeh borclu kimi mövcud kredit borcunu tam ödəməyə borclu olduğundan iddia əsaslıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlər qanun üzrə vərəsəsi qismində tanınmış X3 Cavabdeh tutulmalıdır. Həmçinin, iş materiallarından da göründüyü kimi, iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 52.2. maddəsində göstərilirki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən iddia etiraf edilərək, iddia tələbi qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf edərək qəbul etməsi iddianın təmin edilməsi üçün yetərlidir. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilərək, iddia təmin edilməli, Cavabdeh X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********92 nömrəli kredit müqaviləsinə əsasən 1804,22 manat əsas borc, 0,01 manat faiz olmaqla, cəmi 1804,23 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi verilməsi üçün ödənilmiş 38,05 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarımalıdır. Məhkəmə həmçinin iddianın 38,05 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1804,22 manat əsas borc və 0,01 manat faiz borcu olmaqla, cəmi 1804,23 manat borc pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 38,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar