Məhkəmə qərarları › İş №e-2(064)-1218/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1218/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1218/2023 25.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” fillalı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-ci il tarixli, 259NFPK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit üzrə cəmi 5.253.79 manat, bundan 5.080 manat əsas borc, 173,66 manat faiz borcu, 0,13 manat cərimə borcu və iş üzrə ödənilmiş 73 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” fillalı ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-ci il tarixli, 259NFPK saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5.080 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri Kredit verənə ödəməyi hdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6-cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cı il tarixli, **********661 saylı pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-ci il tarixə kredit üzrə cəmi borcu 5253.79 manat təşkil edir. Bundan 5080 manat əsas borc, 173,66 manat faiz borcu, 0,13 manat cərimə borcu təşkil edir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında: İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2019-ci il tarixli, 259NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 5.080 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməyərək kredit borcundan heç bir ödəniş aparmamışdır. Hazırda cavabdehin borcu 5.080 manat əsas borc, 173,66 manat faiz borcu, 0,13 manat cərimə borcu olmaqla cəmi 5.253.79 manat təşkil edir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərci dövlət rüsumuna görə ödənilmiş 118 manatdan ibarətdir. Məhkəmə MPM-in 119.1-ci maddəsinə isnad edərək belə qənaətə gəlir ki, cəmi 73 manat dəyərində məhkəmə xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdeh tərəfindən kredit borcunun ödənilməsində gecikmələr yarandığına görə iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsinin ləğv edilməsi məhkəmədən kənar qaydada öz həllini tapdığından iddia tələbi bu hissədə rədd olunmalıdır. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238, 241- 244, 252-253-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 5.080 manat əsas borc, 173,66 manat faiz borcu, 0,13 manat cərimə borcu olmaqla cəmi 5.253,79 manat və iş üzrə ödənilmiş 73 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar