Məhkəmə qərarları › İş №e-2(064)-1259/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1259/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1259/2024 23.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4800 manat əsas borc və 1124,84 manat faiz borcu olmaqla, cəmi 5924,84 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 79,25 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB3943413B299 saylı kredit müqaviləsinə əsasən onun kartına müddəti illik 27 faiz dərəcəsi ilə 4800 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 4800 manat əsas; 1124,84 manat faiz, cəmi 5924,84 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 79,25 manat məbləğində pul ödəmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən etiraf edərək bildirmişdir ki, ona İddiaçı ASC-dən zəng gəlmiş, o, mesaj (sms) göndərməklə bank tərəfindən ona onlayn qaydada təklif olunmuş 4800 manat məbləğində kredit pulun onun kart hesabına köçürülməsinə razılıq vermişdir. Lakin həmin kartı bankdan götürməmişdir. 4800 manat məbləğində pul bank tərəfindən onun bankdakı hesabına köçürülmüş, o, həmin puldan öz mobil telefonunda olan mobil tətbiqdən istifadə etməklə 300 manat məbləğindəki pulu xərcləmiş, daha sonra isə bank kart hesabında qalan 4500 manat pul onun təqsiri olmadan, onun iradəsindən asılı olmayan səbəblərdən bank kartı hesabından çıxarılmışdır. O, bu barədə banka məlumat versə də, sonuncudan müsbət cavab ala bilməmişdir. Həmin pul vəsaitinin kim tərəfindən onun bank kartından çıxarılması ona məlum deyildir. Bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib, cinayət işinin başlanmasına baxmayaraq təqsirli şəxs müəyyən olunmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. Məhkəmədən bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsi, ona əlavə olunmuş ödəniş cədvəli, kassa məxaric orderi, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Kürdəmir Rayon Prokurluğu tərəfindən daxil olmuş məktubdan görünür ki, Cavabdeh İddiaçıa aid **********718713 nömrəli plastik kart hesabından 613 manat, 5123915******4037 nömrəli plastik kart hesabından isə 4500 manat pulun xx.xx.2023-cü il tarixdə naməlum şəxs(lər) tərəfindən çıxarıldığı barədə müraciəti əsasında Kürdəmir RPŞ-nin İstintaq bölməsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd olunması barədə xx.xx.2023-cü il tarixli qərarı əsassız olduğundan xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, həmin tarixdə material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmasından ötrü aidiyyəti üzrə RPŞ-nin istintaq bölməsinə göndərilmişdir. Kürdəmir RPŞnin İstintaq bölməsində aparılmış istintaqla təqsirləndirilən şəxs müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Kürdəmir rayon polis Şöbəsinin polis kapitanı X1 tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən daxil olmuş şikayət əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək icraat dayandırılmışdır. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, bank kartı hesabındakı pul vəsaiti ona məlum olmayan şəxs tərəfindən çıxarılıb. Məhkəmə cavabdehin bu dəlillərini əsassız sayır. İlk öncə bank kartı hesabından pul vəsaitinin çıxarılması cavabdehi həmin kredit müqaviləsi öhdəliyinin icrasından azad edə bilməz. Belə ki, iş üzrə sübutlarla həmin pul vəsaitinin cavabdehin təqsiri olmadan, onun iradəsindən asılı olmayan səbəblərdən bank kartı hesabından çıxarılması, eləcə də bu məsələdə iddiaçının təqsirli olması halları sübut edilmir. Cavabdeh hər bir halda kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə borcludur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdehin bank kartı hesabındakı pul çıxarıldığından onun zərərə uğraması ilə bağlı cinayət icraatı qaydasında və ya mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ var. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehdən 4800 manat əsas borc və 1124,84 manat faiz borcu olmaqla, cəmi 5924,84 borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları, hüquqi mövqeyi və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 4800 manat əsas borc və 1124,84 manat faiz borcu olmaqla, cəmi 5924,84 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 79,25 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar