Məhkəmə qərarları › İş №e-2(064)-1372/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1372/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1372/2025 31.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdehdən 9411,91 manat əsas, 889,35 manat faiz borcu olmaqla, cəmi 10301,26 manat və ödənilmiş 120,90 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdehə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədilə 45 ay müddətinə, illik 20,2 faiz dərəcəsi ilə 9411,91 manat məbləğində kredit vermiş, həmin müqavilə üzrə borcunu ödəməsi üçün poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərsə də, sonuncu öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdehin ona 9411,91 manat əsas, 889,35 manat faiz borcu olmaqla, cəmi 10301,26 manat borcu yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 120,90 manat məbləğində pul ödəmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə tərəflərin işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Məhkəmə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, kredit ödəniş cədvəli və xəbərdarlıq məktubu əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 120,90 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 9411,91 manat əsas, 889,35 manat faiz borcu olmaqla, cəmi 10301,26 manat və ödənilmiş 120,90 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar