Məhkəmə qərarları › İş №e-2(064)-1400/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1400/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1400/2023 26.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində X4 ilə aralarında bağlanmış 10 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2662,01 manat əsas və 255,05 manat faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 49,58 manat olmaqla, cəmi 2966,64 manat məbləğində pulun sonuncunun vərəsəsi olan cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, X3 aralarında bağlanmış 10 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 2663 manat məbləğində pul kreditlə verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, X4 həmin müqavilə üzrə öhdəliyini tam icra etməmiş, nəticədə sonuncunun ona həmin müqavilə üzrə 2662,01 manat əsas və 255,05 manat faiz borcu olmaqla, cəmi 2917,06 manat borcu yaranmışdır. X4 17 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin məlumatına əsasən sonuncunun qanun üzrə vərəsəsi kimi anası Cavabdeh müəyyən edilmişdir. X1 hüquqi varisi olduğuna görə iddiaçının cavabdehə qarşı hazırki məzmunda tələb irəli sürmək hüququ yaranmışdır. Bundan əlavə, iddiaçı iş üzrə dövlət rüsumuna görə 49,58 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 10 fevral 2021-ci il tarixli kredit müqaviləsi, ona edilmiş əlavə, 08 iyun 2023-cü il tarixə olan borc haqqında maliyyə arayışı, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının iddia ərizəsində X4 ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun öhdəliyini yerinə yetirməməsi və iddiaçının iş üzrə dövlət rüsumunu ödəməsi ilə bağlı göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş həmin faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında, həmçinin müəyyən etmişdir ki,: - X4 17 iyul 2021-ci il tarixdə ölmüşdür (27 iyul 2021-ci il tarixli, AZ-İİ seriyalı, 205961 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən). - cavabdeh övladı olmuş X2 20 avqust 2020-ci il tarixdə "xxxx" MMC ilə bağladığı kredit müqaviləsinin təminatı olaraq girov müqaviləsi üzrə girov qoyduğu qızıl-zinət əşyalarından ibarət miras əmlakının yeganə qanun üzrə vərəsəsi kimi tanınmışdır (Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 12 yanvar 2022-ci il tarixli, 2V-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən). Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərilən qanunvericilik normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh 12 yanvar 2022-ci il tarixli, 2V-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında övladı olmuş X2 yeganə qanun üzrə vərəsəsi qismində tanındığına görə sonuncunun iddiaçı ilə bağladığı 10 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş qalmış 2662,01 manat əsas və 255,05 manat faiz borcu üzrə iddiaçı qarşısında məsuliyyət daşıyır və həmin borcu ödəməyə borcludur. Bu səbəbdən iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qanun üzrə vərəsəsi olduğu X2 10 fevral 2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 2662,01 manat əsas və 255,05 manat faiz borcuna, ödənilmiş dövlət rüsumuna görə 49,58 manat olmaqla, cəmi 2966,64 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar