Məhkəmə qərarları › İş №e-2(064)-1437/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1437/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1437/2025 03.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4402,02 ABŞ dolları əsas, 2374,90 ABŞ dolları faiz, 5792,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 636,84 ABŞ dolları faiz borcu, cəmi 13206,72 ABŞ dolları borc və iş üzrə ödənilmiş 157,36 manat dövlət rüsumunun əvəzi tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 337-14 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək 9000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 üçün kredit xətti açılarkən Cavabdeh2 ilə bank arasında ZM-1-337-14 USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit xətti müqaviləsi üzrə 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanaraq əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı 958189 saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 8886,78 ABŞ dolları kreditə çevrilmişdir. Kreditin müddəti xx.xx.2022ci il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 8 faiz ödəməli idi. Zaminlik müqaviləsi üzrə bağlanmış ZM1/002T06170003 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 13.206,72 (on üç min iki yüz altı ABŞ dolları 72 sent) ABŞ dolları təşkil edir. Bundan 4.402,02 (dörd min dörd yüz iki ABŞ dolları 02 sent) ABŞ dolları əsas, 2.374,90 (iki min üç yüz yetmiş dörd ABŞ dolları 90 sent) ABŞ dolları faiz, 5.792,96 (beş min yeddi yüz doxsan iki ABŞ dolları 96 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 636,84 (altı yüz otuz altı ABŞ dolları 84 sent) ABŞ dolları faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 götürdüyü kredit müqaviləsi üzrə zamin olduğu iş üzrə kreditin bitdiyi tarixdən 3 il keçdiyi üçün zaminlik iddia müddətinin bitdiyini nəzərə alıb zaminliyinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 337-14 USD nömrəli xx.xx.2014-cü il tarixli Kredit xətti müqaviləsindən görünür ki, cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək 9000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, o, Cavabdeh1 bank qarşısındakı öhdəliklərinə zamin durmuşdur. -Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 958189 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 8886,78 ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2025-ci il tarixə 4402,02 ABŞ dolları əsas, 2374,90 ABŞ dolları faiz, 5792,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 636,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13206,72 ABŞ dolları borcu vardır. -Azərbaycan Respublikasının Mərkəzi Bankına problemli kreditləri kompensasiyası ilə bağlı internet portalına sorğu göndərilmiş və sorğuya cavab olaraq əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-yə 21 fevral 2015-ci il tarixə 4839,95 ABŞ dolları, 21 dekabr 2015-ci il tarixə 1155,9 ABŞ dolları borcu olmuş, 21 fevral 2015-ci il tarixə 1209,99 manat kompensasiya, 21 dekabr 2015-ci il tarixə 288,98 manat kompensasiya hesablanmış, 01 mart 2019cu il tarixinə əsasə kredit borcu 15107,32 manat müəyyən edilmiş, 7623,90 manat borcun azaldılmasına yönəldilərək qalıq borc məbləği - əsas kredit borcu 7483,42 manat müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. -mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 157,36 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 337-14 USD nömrəli xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinədək 9000 ABŞ dolları məbləğində kredit xətti açılmış, bu zaman Cavabdeh2 ilə bank arasında ZM-1-337-14 USD nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə 1 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanaraq borcalanın kreditor qarşısındakı 958189 saylı xx.xx.2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 8886,78 ABŞ dolları kreditə çevrilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 8 faiz ödəməli idi. Zaminlik müqaviləsi üzrə bağlanmış ZM1/002T06170003 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehin banka xx.xx.2025-ci il tarixə 4402,02 ABŞ dolları əsas, 2374,90 ABŞ dolları faiz, 5792,96 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 636,84 ABŞ dolları faiz borcu olmaqla, cəmi 13206,72 ABŞ dolları borcu vardır. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına düşməsini etiraf edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərmək- borcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə zamin Cavabdeh2 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə 4402,02 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4402,02 ABŞ dolları (1 USD =1,70 manat, 4402,02 x1,7=7483,42 manat) olduğundan iddiaçı tərəfindən ödənilmiş 157,36 manat dövlət rüsumunun 94,83 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 62,53 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 4402,02 ABŞ dolları əsas borc və ödənilmiş 94,83 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASCnə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli, ZM1/002T06170003 nömrəli Əlavə saziş üzrə zaminliyinə xitam verilsin və ona qarşı qaldırılmış iddia tələbi rədd edilsin. Cavabdeh1 4402,02 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) əsas və ödənilmiş 94,83 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 62,53 manatı iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar