Məhkəmə qərarları › İş №e-2(064)-1457/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1457/2025

02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1457/2025 02.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Namazova Səbuhə Müşfiq qızının katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları faiz borcu, cəmi 7101,83 ABŞ dolları borc və iş üzrə ödənilmiş 126,22 manat dövlət rüsumunun əvəzi tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 470004419/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 10.702,01 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.101,83 ABŞ dolları təşkil edir. Bundan 1.768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4.589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı iddia ərizəsində iddia tələbini tam müdafiə etdiyini və bu tələb üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxlmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qismən, yəni əsas borc olan 1768,63 ABŞ dollarına dair hissədə qəbul etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, onun kredit müqaviləsinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri altına düşdüyünü və borcunun cəmi 3000 manat olduğunu, banka olan borcunun müəyyən hissəsini ödədiyini, lakin bank tərəfindən həmin borcun silinmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o dəfələrlə banka müraciət etmiş, bank əməkdaşları bankın ləğv prossesində olduğunu və kredit məbləğini ödədikdən sonra hesabından borcun silinəcəyini bildirmişlər. Eyni zamanda Cavabdeh2 iddiaya etraz ərizəsi təqdim edərək kredit müqaviləsi üzrə öhdəliklərinin xx.xx.2022-ci il tarixdə başa çatdığını, bu tarixdən 3 il keçdiyini və iddia tələbinin məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyindən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddia tələbin etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə zamin qismində məsuliyyət daşıyır və əsas borc üzrə müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bununla da, zamin olaraq onun məsuliyyəti ən geci xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin iddia ərizəsi 2 il keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən kredit müqaviləsi üzrə onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı etiraz ünvanlayaraq Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin son tarixi xx.xx.2022-ci il olduğunu, ən geci xx.xx.2025-ci il tarixədək hazırki tələblə məhkəməyə müraciət edə biləcəyini bildirir. İddiaçı bank tərəfindən isə iddia ərizəsi ilə iddia müddəti ötürülmədən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2025-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vaxtı mövcud olsa da, iddia müddətinin bitməsinə müəyyən müddət qalmış, yəni xx.xx.2025-ci il tarixdə müvafiq tələblə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, tərəflərindən cavabdehlərə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edilməsi üçün müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır. Məhkəmə işdə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, kreditor borcalana, 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit vermişdir. - xx.xx.2025-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh2 6.370 ABŞ dolları məbləğində pulu təhvil almışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Beyləqan” filialı ilə Cavabdeh1 arasında bağlanmış 470004419/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. - Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 10.702,01 ABŞ dolları təşkil etmişdir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1,40 AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2025-ci il tarixə 1768,63 ABŞ dolları əsas, 481,30 ABŞ dolları faiz, 4589,65 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 262,25 ABŞ dolları ABŞ dolları faiz borcu, cəmi 7101,83 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırıması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 470004419/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit öhdəliyinin qalığı 10.702.01 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanından əvvələ təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə zamin Cavabdeh1 münasibətdə hesab edir ki, zaminlik müqaviləsində nəzərdə tutulmuş müddət ərzində iddiaçının ona qarşı tələbi olmadığı üçün zaminliyə xitam verilməlidir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən verilmiş ərizəyə münasibətdə Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi icra müddəti xx.xx.2025-ci il tarixdə bitir. İddiaçı isə Məhkəməyə xx.xx.2025-ci il tarixdə saat 14:04-də “Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etmişdir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən -Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 1768,63 ABŞ dolları əsas borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən 1 ABŞ dolları 1,4 manat hesablanmalıdır. Məhkəmə iddianın X3 tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat+1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır.(“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1768,63 ABŞ dolları (1 USD =1,40 manat, 1768,63 x1,4=2476,082 manat) olduğundan iddiaçı tərəfindən ödənilmiş 126,22 manat dövlət rüsumunun 44,77 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 81,45 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1768,63 ABŞ dolları əsas borc və ödənilmiş 44,77 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1 ABŞ dolları 1,40 manat hesblanmaqla 1768,63 ABŞ dolları əsas borc və ödənilmiş 44,77 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO "xxxx" ASC-nə ödənilsin. X3 81,45 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar