Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1477/2023 30.08.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, iddiaçı LPO "xxxx" ASC LƏSF-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO "xxxx" ASC LƏSF məhkəmədə iddia qaldıraraq, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,131SBFFM saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh və Zamin iddiaçının xeyrinə 2.777,26 manat əsas borc, 94,48 manat faiz borcu, 0,04 AZN cərimə borcu və 49 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.871,78 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,131SBFFM saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz olmaqla 2.795 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 20 noyabr 2019-cu il tarxili zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Lakin cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək kredit borcunun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli131SBFFM saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 faiz olmaqla 2.795 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən digər cavabdeh Zamin ilə bank arasında 20 noyabr 2019-cu il tarxili zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən, zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Lakin cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi hissəsini rədd edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddia ərizəsinə əlavə edilmiş cavabdehlərə ünvanlanmış pretenziyadan görünür ki, cavabdeh tərəfindən kredit borcunun ödənilməsində gecikmələr yarandığına görə iddiaçı tərəfindən kredit müqaviləsinin ləğv edilməsi barədə cavabdehə məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilənin ləğvinə dair iradə ifadəsini yazılı şəkildə cavabdehə bildirmiş və bununla da müqavilə artıq ləğv olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, kredit müqaviləsi ləğv edilmiş hesab olunmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,131SBFFM saylı kredit müqaviləsi ləğv edilmiş hesab edilsin. İddiaçı LPO "xxxx" ASC ƏSF-nin xeyrinə cavabdehlər Cavabdeh və Zamin 2.777,26 manat əsas borc, 94,48 manat faiz borcu, 0,04 AZN cərimə borcu və 49 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2.920,78 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-1477/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1477/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver