Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1542/2025 11.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verdiyi iddia ərizəsində Cavabdeh2 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, CC/26401/48/83 saylı müqavilə üzrə 4191,42 manat əsas, 4133,48 manat faiz borcu olmaqla, cəmi 9560,73 manat, xx.xx.2015ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə 634,61 manat əsas, 771,07 manat faiz borcu olmaqla, cəmi 1610,94 manat borcun və hər iki kredit üzrə cəmi 153 manat məbləğındə ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli CC/26401/48/8 saylı müqaviləyə əsasən 5000 manat, xx.xx.2015–ci il tarixli, CR/18934/51/9 saylı müqaviləyə əsasən 1,009 məbləğində kredit verilmişdir. Hazırda mərhum X4 11.171.67 manat borcu vardır. X4 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. 9 saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən X4 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixli iddia müddətinin tətbiqinə dair ərizə ilə Məhkəməyə müraciət edərək iddia müddəti tətbiq edilməklə onlara qarşı qaldırılmış iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə ki, kredit münasibəti uzun müddət əvvəl baş vermiş, hadisənin üzərindən 9 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində onlara heç bir rəsmi bildiriş göndərilməmiş, məlumat verilməmişdir. İddiaçının nümayəndəsi X5 cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəsinə qarşı xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə Məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsinin əsassız hesab olunmasını xahiş etmişdir. Belə ki, ərizə hüquqi əsassızdır. X4 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli CC/26401/48/8 saylı, müqaviləyə əsasən 5000 manat, xx.xx.2015 -ci il tarixli CR/18934/51/9 saylı, müqaviləyə əsasən 1,009 məbləğində kredit verilmişdir. X4 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya sonuncu tərəfindən verilmiş cavabdan aydın olur ki, X2 mirasını cavabdehlər qəbul etmiş, miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli 2V/21reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı Vərəsəlik hüququ haqqında şəhadətnamələr həmin şəxslərə verilmişdir. Lakin mərhumun vərəsələri tərəfindən "xxxx" ASC-ə mirasın açılması və miras əmlakın qəbul edilməsi barədə hər hansı məlumat verilməmiş, cavabdehlər qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınaraq daha sonradan iddia müddətinin tətbiqi ilə bağlı ərizə ünvanlamaqla iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadə etməyə cəhd göstərmişdir. Kreditor cavabdehlərin vərəsə olması barədə yalnız ünvan ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya verilmiş cavab ilə məlumatlı olmuş, dərhal sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı Kredit Sazişi və ona edilmiş 1 nömrəli əlavə - ödəniş cədvəli əsasında müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X3 36 ay müddətinə illik 25% dərəcəsi ilə 5000 manat məbləğində pul krediti verilmişdir. - xx.xx.2015–ci il tarixli CR/18934/51/9 saylı Kredit Sazişi və ona edilmiş 1 nömrəli əlavə - ödəniş cədvəli əsasında müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X3 18 ay müddətinə illik 30% dərəcəsi ilə 1009 manat məbləğində pul krediti verilmişdir. - İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışı əsasında müəyyən olunur ki, X2 həmin tarixə İddiaçı ASC-yə olan borcu xx.xx.2015-ci il tarixli CC/26401/48/83 saylı müqavilə üzrə 4191,42 manat əsas, 4133,48 manat faiz borcu olmaqla, cəmi 9560,73 manat, xx.xx.2015–ci il tarixli CR/18934/51/9 saylı müqavilə üzrə 634,61 manat əsas, 771,07 manat faiz borcu olmaqla, cəmi 1610,94 manat təşkil edir. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2 – ¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak mərhum X2 adına xəstəlik vərəqəsi üzrə 174,09 manat və işçinin vəfatı ilə əlaqədar vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət 1816,53 manatdan ibarət olmuşdur. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2 – ¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak mərhum X2 Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialında bank hesabında olan 304,19 manatdan ibarət olmuşdur. - Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov R.Z. tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Cavabdeh2 – ¾ pay həcmində və qızı Cavabdeh1 ¼ pay həcmində müəyyən edilmişdir və verilən miras əmlak 5 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 73,40 qr olan qolbaq, 1 ədəd 750 əyarlı ümumi və xalis çəkisi 32 qr olan üzük, 1 ədəd 750 əyarlı ümumi çəkisi 7,50 qr xalis çəkisi 6,50 qr olan qızıl-zinət əşyalarından ibarət olmuşdur. Məhkəmə hazırki iddia tələbi ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıda göstərilən hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Bundan başqa həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edildiyindən iddia müddətinin axımı xx.xx.2015-ci il tarixli, CC/26401/48/8 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixdən başlamış və xx.xx.2021-ci il tarixdə başa çatmış, xx.xx.2015–ci il tarixli, CR/18934/51/9 saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixdən başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Belə ki, tərəflər arasındakı CC/26401/48/8 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə, tərəflər arasındakı CR/18934/51/9 saylı kredit müqaviləsi isə xx.xx.2015–ci il tarixdə 18 ay müddətinə bağlanmışdır. Sonradan xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X2 miras əmlakına dair rəsmiləşən xx.xx.2019-cu il tarixli 2V/21reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/200 reyestr saylı, xx.xx.2016-cı il tarixli 2V/193 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh2 və Cavabdeh1 mərhum X2 vərəsələri müəyyən edilmişlər. Bundan sonra İddiaçı hazırki iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Məhkəməyə müraciət etdikdə artıq iddia müddətini ötürmüşdür. Ona görə də Məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia müddətinin tətbiqinə dair İddiaçı tərəfin etiraz ərizəsinə münasibətdə bildirir ki, cavabdehlərin qəbul edilmiş miras əmlakın passivinə münasibətdə öhdəliklərin icrasından qəsdən yayınması əsas gətirilsə belə, Məhkəmə hesab edir ki, borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) məsələsində İddiaçı tərəf özü maraqlı olmalı idi və iddia müddəti daxilində bu mövzuda zəruri tədbirlərin görülməsini təmin etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən aslı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, Məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1542/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1542/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver