Məhkəmə qərarları › İş №e-2(064)-1636/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1636/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1636/2024 30.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 691 manat əsas borc, 1872,61 manat penya, 11,87 manat əldən çıxmış fayda olmaqla cəmi 2575,48 manat və ödənilmiş dövlət rüsumuna görə 46 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli, 958 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh iddiaçıya 1415 manat məbləğində 12 ay müddətində xx.xx.2024-cü il tarixədək aylıq 101.25 manat ödəməli idi. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin verilməsi nağd ödənişlə və ya tələbli əmanət hesabına köçürmə yolu ilə həyata keçirilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə görə, borc alan kredit üzrə hesablanmış faizlərin və əsas borc məbləğini bu müqavilənin 2.4-cü bəndinə əsasən ödəmirsə, ödəniş yeddi təqvim günündən sonra gecikdirilmiş hesab olunur və hər gecikdirilmiş günə həmin məbləğin 1% miqdarında Borc verən tərəfindən hesablanmış peniya ödənilməlidir. Müqavilənin 3.2.2-ci bəndinə əsasən tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin Borc verən tərəfindən hesablanmış penya və cərimə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.5-ci bəndinə əsasən Kreditin alınması üçün borc verənə təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verikdə (o cümlədən, Borc alanın iş yerinin və maaşının (gəlirinin) dəyişməsi, yaşayış yerinin və əlaqə telefonlarının dəyişməsi), həmin dəyişikliyin baş verməsindən sonrakı 3 təqvim günü ərzində bu barədə borc verəni yazılı surətdə xəbərdar etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər Tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həl etmək mümkün olmadığı təqdirdə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən son ödəniş 000374 saylı qəbzdən də göründüyü kimi xx.xx.2023-cü il tarixində ödənilmişdir. Daha sonra cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehə qarşı uzun müddət davam edən borc tələblərinin təmin edilməsi tələbindən sonra 000115 saylı qəbzdən də göründüyü kimi xx.xx.2024-cü il tarixində 20 manat ödəniş həyata keçirməklə, ümumilikdə 724 manat ödəniş edilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixli maliyyə arayışında cavabdehə məxsus 691 manat əsas borcun olduğu öz əksini tapır. Cavabdehə xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin bu günədək qalıq borc aktiv olaraq qalmaqdadır. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - Cavabdeh iddiaçıdan istehlak məqsədilə 12 ay müddətinə 1415 manat məbləğində kredit almışdır (xx.xx.2023-cü il tarixli, 958 nömrəli kredit müqaviləsinin surəti əsasında); - cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı 691 manat əsas borc, 1872,61 manat penya, 11,87 manat əldən çıxmış fayda olmaqla cəmi 2575,48 manat borcu yaranmışdır (xx.xx.2024-cü il tarixli maliyyə arayışının surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. -740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1872,61 manat dəbbə pulu 691 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 69 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 46 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 32,5 manat iddiaçıdan, 13,5 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1-284-6-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 691 manat əsas borc, 69 manat penya, 11,87 manat əldən çıxmış fayda olmaqla cəmi 771,87 manat və ödənilmiş dövlət rüsumuna görə 13,5 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar